\”Milli Təhlükəsizlik Nazirliyinin (MTN) hüquqlarını müdafiə etdiyim, həbsdə olan sabiq əməkdaşı danışmaq istəmir. O, deyir ki vaxtilə biz özümüz də bura nəzarət etmişik və bilirik ki, burada danışıqlar dinlənilir\”.
Bunu ANS PRESS-ə açıqlamasında Penitensiar Xidmətin 1 saylı İstintaq Təcridxanasında saxlanılan MTN-in həbsdə olan keçmiş əməkdaşının hüquqlarını müdafiə edən vəkil Kamandar Nəsibov deyib.
Onun sözlərinə görə, MTN-nin sabiq əməkdaşı ilə görüşməkdə heç bir problem yoxdur. İstənilən vaxt görüşmək mümkündür. Vəkil görüş zamanı olan yoxlamalardan narazıdır. \”Ancaq bu zaman da əsassız yoxlamalar aparılır. Müvəkkil ilə görüş üçün içəri girdikdə, görüş zamanı və görüş bitdikdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları tərəfindən yoxlamalar aparılır. Ancaq onu deyə bilərəm ki, hüquqlarını müdafiə etdiyim şəxslə danışıqlarımızı yoxlamağa heç kimin haqqı yoxdur. Çünki vəkil ilə həmin şəxslərin yazışmalarının mətni məxfidir. İstər cinayət prosessual qanunvericiliyi olsun, istərsə də vəkillər və vəkillərin fəaliyyəti haqında qanun vəkil ilə təqsirləndirilən şəxsin danışıqlarına baxılmasını qadağan edir. Ancaq görüşlərimizin təklikdə keçirildiyini vurğulamalıyam. Həbs edilən şəxslər ayrı-ayrı kameralarda saxlanılır\”.
Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Bundan sonra MTN əməkdaşlarının bir sıra qanunsuz əməlləri ortaya çıxdı. Nazirin işdən çıxarılmasından sonra KİV-lərdə MTN-də həbslər başladığı barədə məlumatlar yer almağa başladı. Oktyabr ayının 20-də Baş Prokurorluq nazirliyin 7 vəzifəli əməkdaşının həbs olunması barədə məlumat yayılıb.
Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib.
MTN işi ilə bağlı Rabitə və yüksək Texnologiyalar Nazirliyində də yoxlamalar başlayıb. Adıçəkilən nazirliyin bəzi əməkdaşlı saxlanılıblar, bəziləri isə işdən azad ediliblər. Prezidentin sərəncamı ilə nazir Əli Abbasov da tutuduğu postdan azad olunub.
İnterpress.az