“Aşıq Şəmşir elə Səməd Vurğunla çiyin-çiyinə dayanmalı olan bir şair idi”backend

“Aşıq Şəmşir elə Səməd Vurğunla çiyin-çiyinə dayanmalı olan bir şair idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aşıq Şəmşir Azərbaycan aşıq sənətinin sözün əsl mənasında zirvələrindən biridir. Bəzilərində belə bir təsəvvür var ki, güya onun məşhurlaşmasında Səməd Vurğunla görüşü ciddi rol oynayıb. Amma Aşıq Şəmşir öz özlüyündə elə Səməd Vurğunla çiyin-çiyinə dayanmalı olan bir şair idi əslində, aşıq desək də. Bunu isbat etmək üçün əsərləri araşdırılmalıdır, bütövlükdə çap olunmalıdır”.

Bunu xalq şairi Sabir Rüstəmxanlı Dədə Şəmşirlə bağlı xatirələrini danışarkən deyib.

Xalq şairi Aşıq Şəmşir yaradıcılığını yüksək qiymətləndirib:

“Aşıq Şəmşiri Yunis İmrədən, Dədə Qorquddan başlanan böyük bir xəttin sonuncu magikanlarından, nəhənglərindən biri hesab edirəm. Aşıq Şəmşir Bakıya gələndə mütləq Yazıçılar İttifaqına, redaksiyalara baş çəkirdi, təzə yazılarını gətirirdi. O vaxt mən “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri işləyəndə, “Yazıçı” nəşriyyatının şöbə müdiri olanda şəxsən özü il tez-tez görüşürdük. Çox sakit, dinc, mehriban, səmimi insan idi. Görüşürdük, dərdləşirdik, sonra çıxıb gedirdi. Çox maraqlı, hikmətli danışığı vardı. Aşıq Şəmşirlə bağlı Bakıda balaca bir guşə var, ara-sıra orada onunla bağlı tədbirlər keçirilir. Həmin tədbirlərin birində onun bir neçə şeirini oxumuşdum. Məsələn, 1915-ci ildə, tam 110 il bundan əvvəl yazdığı bir şeiri var, kitabların birində gedib. 110 il bundan öncə yazılmış həmin şeir sanki eyniylə bu gün üçün yazılıb. Bu günkü dünya, ədalətsizlik, ikili standartlar, haqsızlığı, bizə qarşı haqsızlıq, düşmənlərimizə verilən qol-qanad, yardımlar balaca bir qoşmada nə qədər dəqiq və gözəl yazılıb. Tədbirdə çıxış edəndə vurğuladım ki, başqa şeirlərini demirəm, tək bu şeirə qulaq asın və görün ki, necə bir dahiyanə uzaqgörənliklə yazılmış şeirdir. Əslində şairin istedadını göstərən cəhətlərdən biri elə budur”.

S. Rüstəmxanlı Aşıq Şəmşirinin saz sənətinin yaranmasında və inkişafında əvəzsiz xidmətlərini də vurğulayıb:

“Aşıq Şəmşir təkcə gəraylıları, qoşmaları, deyişmələri ilə məşhur deyil. Aşıq Şəmşir şifahi xalq şeirinin, aşıq ədəbiyyatının demək olar ki, bütün janrlarında, ən mürəkkəb janrlarında son dərəcə bir-birindən maraqlı əsərlərin müəllifidir. Oğlu Qənbərin dediyinə görə Aşıq Şəmşirin yurdu ermənilər tərəfindən yandırılanda onun bir çox əlyazmaları itib – batıb. Amma buna baxmayaraq məncə onun qalan əsərləri elə bir xəzinədir. Aşıq Şəmşirin Azərbaycan mədəniyyətinə verdiyi başqa bir xəzinə də onun ifasında qorunub saxlanan aşıq havalarıdır. Nə yaxşı ki sağlığında Bakıya gələndə onu bir neçə dəfə teleradionun səsyazma studiyasına aparıblar. Və onun ifasında bir çox aşıq havalarını lentə alıblar, özü çalıb ifa edib, oxuduğu havaların adlarını deyib. Yoxsa həmin havalar unudulub gedərdi, nə yaxşı ki, yazılıb. Aşıq sənəti Azərbaycan mədəniyyətinin çox önəmli, mühüm, son dərəcə doğma, bu xalqın ruhunun, kimliyinin, varlığının, simasının ifadəsi olan böyük bir sənətdir.

“Aşıq Şəmşir elə Səməd Vurğunla çiyin-çiyinə dayanmalı olan bir şair idi”

Bu sənətin yaradılmasında və qorunmasında Aşıq Şəmşirin misilsiz rolu var. Həmişə demişəm, bundan sonra da sözümü davam etdirəcəyəm ki, məncə, ədəbiyyat konsepsiyasında aşıq sənətinə, poeziyasına yanaşma doğru deyil. Anlaşılmayan, ərəb-fars sözləri ilə dolu, sarayların sifarişi ilə yazılmış, mədhiyyədən başqa bir şey olmayan, nümunələr var ki, əsl ədəbiyyatımız kimi təqdim olunur, dərsliklərdə onların müaəllifləri təbliğ olunur. Amma həmin dövr xalq arasında yaşayan, saraylardan uzaq olan, sazı çiynində el-el gəzən, millətin ruhunu cilalayan, qoruyan böyük bir sənət var ki, aşıq sənətidir. Şifahi xalq ədəbiyyatı sanki ədəbiyyatın kənarında olan bir sənət kimi təbliğ olunur, öyrədilir. Bu da son dərəcə yalnışdır, əsl ədəbiyyatımız, millətin ruhu aşıq sənətindədir, aşıq şeirindədir, aşıq musiqisindədir. Onu mərkəzə çəkmək lazımdır, çünki orda biz dəyişilməzik, min il bundan əvvəl necə danışmışıq, yazmışıq bu gün də elə danışırıq. Yunis İmrə ilə Aşıq Ələsgərin, Aşıq Ələsgərlə Aşıq Şəmşirin birbaşa rabitəsi, əlaqəsi var. Şeirlərinin biri də dəyişilməyib, 800 ili yan-yana qoyanda elə bilirsən ki, aralarında səkkiz gün fərq var. Bu, möcüzəvi sənətdir və o möcüzənin yaradıcılarından biri kimi Aşıq Şəmşir həmişə yaşayacaq”.

Qeyd edək ki, bu gün 20-ci əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, klassik aşıq şerinin ustadlarından olan Aşıq Şəmşirin doğum günüdür. (moderator.az)


İnterpress.az