Polşa Ukraynanın Aİ üzvlüyü danışıqlarına yaşıl işıq yandırıb, lakin şərt qoyub.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Polşa Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olması ilə bağlı rəsmi danışıqların başlamasını bloklamaq niyyətində deyil.
Lakin rəsmi Varşava Kiyev üçün hər hansı xüsusi güzəştlərin və ya imtiyazların verilməsinin qəti şəkildə əleyhinədir. Bu barədə Polşanın Baş naziri Donald Tusk rəsmi bəyanatla çıxış edib.
Tusk vurğulayıb ki, Ukrayna Aİ-yə qəbul prosesində digər namizəd ölkələr kimi eyni standartlara və tələblərə cavab verməlidir.
Onun sözlərinə görə, Polşa Ukraynanın avrointeqrasiya cəhdlərini ümumilikdə dəstəkləsə də, iqtisadi, kənd təsərrüfatı və hüquqi sahələrdə heç bir birtərəfli güzəştin edilməsini qəbul etməyəcək.
Xüsusilə kənd təsərrüfatı sahəsində Varşava ilə Kiyev arasında uzun müddətdir davam edən fikir ayrılıqları mövcuddur.
Polşalı fermerlər Ukraynadan gələn ucuz kənd təsərrüfatı məhsullarının daxili bazara maneəsiz daxil olmasına kəskin etiraz edirlər.
Donald Tusk əlavə edib ki, Polşanın milli maraqlarının, xüsusən də yerli istehsalçıların və iqtisadiyyatın qorunması hökumət üçün əsas prioritetdir.
Bu səbəbdən danışıqlar prosesi tamamilə ədalətli və rəsmi qaydalar çərçivəsində aparılmalıdır.
Xuraman Etibarlı
İnterpress.az






