Ərdoğanın Bakıya səfəri, nəhayət, reallaşacaqbackend

Ərdoğanın Bakıya səfəri, nəhayət, reallaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Baş Katibi Ban Ki Mun və BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser Bakıya səfər edəcək. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlar aprelin 25-27-də Bakıda keçiriləcək BMT-nin 7-ci Qlobal Forumunda iştirak edəcəklər.

“İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2 minə yaxın qonağın qatılacağı gözlənilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da sözügedən forumda iştirak etmək üçün Azərbaycana gələcəyi bildirilir.

Qeyd edək ki, son üç ayda Ərdoğanın Azərbaycana nəzərdə tutulan iki səfəri qardaş Türkiyədə həyata keçirilən terror aktları səbəbindən təxirə salınıb. Türkiyə prezidentinin budəfəki səfərinin baş tutub-tutmayacağı bu baxımdan diqqət mərkəzindədir. Bu barədə “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirdi ki, indiyə qədər nəzərdə tutulan, bəlli terror hadisələrinə görə təxirə salınan iki səfər yüksək səviyyəli ikitərəfli strateji görüş üçün nəzərdə tutulmuş səfərlər olub: “Ona görə Ərdoğanın hər iki səfərini pozmaq, bu səfərlərdə müəyyən qərarların qəbulunun qarşısını almaq üçün məlum terror aktları törədildi. Budəfəki səfər isə BMT tədbirində iştirak üçün səfərdir. Bu baxımdan, böyük ehtimalla, Ərdoğanın qarşıdakı səfərinə mane olunmayacaq. Məsələ burasındadır ki, bu forum Azərbaycanın artan nüfuzunu göstərən amillərdən biridir. Burada dünyəvi problemlər, xüsusilə fərqli sivilizasiyalar arasındakı münasibətləri nizama salmağın yolları müzakirə ediləcək. Bu forum çox əhəmiyyətli və ölkələr üçün mühüm önəm daşıyacaq bir tədbirdir. Fərqli dinlərin, fərqli mədəniyyətlərin arasındakı münasibətlər bir müsəlman ölkəsi olan Azərbaycanın paytaxtında müzakirə edilir.

Bura müxtəlif ölkələrin dövlət başçıları, o cümlədən Türkiyə prezidenti də gələcək. Ərdoğanın gəlişinə mane olmaq bu dəfə çətin olacaq. Bu, əsas onunla bağlıdır ki, həm İŞİD-in, həm də PPK-nın, demək olar, bölgədə beli qırılıb. Uzun müddətdir PKK-ya qarşı aparılan mübarizə mən güman etmirəm ki, onun hansısa səs doğura biləcək terror əməliyyatını həyata keçirməsinə imkan vermiş olsun. Artıq Türkiyənin təhlükəsizlik qüvvələri ölkədəki bütün situasiyaya ciddi nəzarət edir. PKK-nın isə ölkə ərazisində fəaliyyəti demək olar tam nəzarət altındadır. PKK bir-birinin ardınca çox ciddi məğlubiyyətə düçar edilir. Yəni PKK üzərində tam qələbənin qazanılmasına o qədər uzun müddət qalmayıb. İŞİD-ə gəlincə, artıq İŞİD tam mühasirədədir. Bölgəyə ABŞ-ın xüsusi təyinatlılarının göndərilməsi davam edir.

Artıq yerüstü əməliyyatlar çox ciddi fazaya daxil olacaq və İŞİD-in tamamilə yox edilməsi ilə başa çatacaq. Bax bu nöqteyi-nəzərdən İŞİD-in də hər hansı bir terror əməliyyatı keçirməyə imkanı yox dərəcəsindədir. Bu terror təşkilatının sıralarında çox böyük ruh düşkünlüyü yaşanır, qopmalar, qaçma meylləri güclənib. Ona görə də təşkilat heç özü-özünə nəzarət edə bilmir, qalsın ki, Türkiyədə hər hansı böyük bir terror aktını həyata keçirə bilsin. Bu gün Türkiyə sərhədi də ciddi surətdə qorunur. İŞİD-in də əl-qolu, demək olar ki, bağlıdır. Bu nöqteyi-nəzərdən mən Türkiyə prezidentinin bu dəfə Azərbaycana çox rahat səfər edəcəyi qənaətindəyəm. Bu səfər baş tutacaq”.

Onu da qeyd edək ki, Ərdoğanın Bakıya gəlişi qondarma “erməni soyqırımı”nın növbəti “ildönümü”nə təsadüf edəcək. Bu baxımdan ermənilərin həmin gün Qarabağ cəbhəsində yeni təxribatlar həyata keçirəcəyinin mümkün olub-olmadığı barədə sualımıza cavabında Q.Hüseynli dedi ki, buna bir ehtimal kimi yanaşmaq lazımdır: “Çünki ermənilər həmişə həmin günü irimiqyaslı təxribatlarla qeyd ediblər. İndi formal da olsa atəşkəs dövrüdür. Bu yaxınlarda onların burnu ciddi şəkildə ovulub. Ona görə də məncə, onlar bu dəfə hansısa ağılsızlığa yol verməyə cəsarət etməyəcəklər. Etsələr belə, cəbhənin bütün istiqamətlərində özünün döyüş mövqelərini möhkəmləndirən Azərbaycan ordusu istənilən təxribatın qarşısını alacaq və ermənilər özləri bu dəfə daha ciddi sarsıdıcı zərbə alacaqlar”.

Politoloqun fikrincə, səfərin baş tutmasının bir mühüm əhəmiyyəti ondan ibarət olacaq ki, indiyə qədər Ərdoğanın səfərlərini pozan qüvvələrə göstəriləcək ki, etdikləriniz heç bir əhəmiyyətə malik deyil, artıq Türkiyə bölgədəki situasiyaya tam nəzarət edir: “Terror aktlarını təşkil eləmiş dairələr ciddi bir zərbə almış olacaqlar”.

Q.Hüseynli onun da vurğuladı ki, BMT-nin belə bir mühüm tədbirinin məhz Bakıda keçirilməsi Qarabağ məsələsində Azərbaycanın əlini möhkəmlədən hadisədir: “Ermənistanda bu xarakterli tədbirlər keçirilmir. Azərbaycanda isə artıq neçənci dəfədir ki, bu tipli tədbirlər baş tutur. İndi BMT baş katibinin şəxsən iştirak etdiyi tədbir keçiriləcək. Azərbaycanın seçilməsi bu ölkənin multikultural ənənələri ilə qırılmaz surətdə bağlıdır. Azərbaycanda bir ermənilər istisna olmaqla çoxsaylı milli azlıqlar və xalq arasında hər hansı bir qarşıdurma, hətta bir-birinin xətrinə dəymə kimi hal olmayıb. Multikulturalizmin Azərbaycan modeli deyilən bir model mövcuddur. Bu model hazırda bütün dünyada bir nümunə kimi digər ölkələrə göstərilir. Bu forumun keçirilməsi həm Azərbaycandakı multikultural durumun yüksək səviyyəsinə dəlalət edir, həm Azərbaycanda başqa sivilizasiyalara hörmətin dərəcəsini göstərir. Bəli, bu, bizim Qarabağ məsələsində beynəlxalq aləmdə əlimizi gücəndirən amillərdən biridir. Dünya görür ki, Ermənistan monoetnik bir ölkədir. Ermənistan ərazisində ermənilərdən başqa heç bir millətin yaşaya bilmədiyi, yaşamasına imkan verilmədiyi dövlətə çevrilib. Ermənistan bu sarıdan da bədbəxt bir ölkədir. Bu faktor Ermənistana sivil dünyanın münasibətində özünü göstərir və göstərəcək”.(Musavat)

İnterpress.az