Bunu xalq şairi, keçmiş millət vəkili Sabir Rüstəmxanlı deyib. O, deyib ki, Jirinovski kimilərə qalsaydı Azərbaycan heç 1991-ci ildə Rusiyanın tərkibindən çıxmazdı, SSRİ dağılmazdı: “Ona qalsa Rusiya bütün Avrasiyanı fəth etməliydi, Parisə qədər getmişdi, isti dənizlər onların idi. Jirinovskiyə qalsa bütün yer kürrəsini birləşdirib bir dənə dövlət yaradar və adını Rusiya qoyar. Bunlar Jirinovskinin xam xəyallarıdır, ancaq dünyada başqa reallıqlar da var. Ona görə də Jirinovskinin bu cür sərsəmləmələrinə ciddi əhəmiyyət vermək lazım deyil.
Ermənistan Rusiya tərəfindən yaradılmış süni dövlətdir və 200 ildir ki, Azərbaycan torpaqlarında erməni dövləti yaradılması layihəsi həyata keçirilir. Rusiya indi də ermənilərə himəyadarlıq edir, onları silahlandırıb Türkiyənin, Azərbaycanın üstünə qaldırır. Ona görə də Jirinovskiyə elə gəlir ki, bu məsələnin həlli yalnız Rusiyadan asılıdır.
Faktiki olaraq dünyanın apardığı siyasət, beynəlxalq qurumların gücsüzlüyü Rusiyaya meydan verir.
Bu da Jirinovskini şirnikləndirir, amma həyat bu şəkildə davam edə bilməz. Dünya dəyişir, hər xalqın öz torpaqlarını müdafiə etmək haqqı, öz tarixi yolu var. Hər şey Jirinovskinin dediyi kimi olsaydı, Rusiya bu qədər hakim qüvvə olsaydı, onda gərək Əfqanıstandan, Suriyadan çıxmayayadı.
Rusiya Kubadan, Vyetnamdan başlayaraq dünyanın bir çox ölkələrində kök salmaq istəyirdi, gərək onların heç birindən əl çəkməyəydi.
Amma həyat başqa məsələləri diktə edir, ona görə də Jirinovski çığır-bağırında olsun, inşaallah həyat başqa məsələləri həll edər.
Rusiya sübut etmək istəyir ki, güney Qafqaz mənsiz həll oluna bilməz, olsun, Rusiya zatən bunu həll etməyə məcburdur”.
S.Rüstəmxanlı qeyd edib ki, Azərbaycan Qarabağ məsələsində öz torpaqlarını müdafiə edir və beynəlxalq qüvvələrə, qanunlara söykənir: “Biz bu savaşa Türkiyəni birmənalı şəkildə cəlb edə bilmərik və belə niyyətimiz də yoxdur.
Türkiyə NATO-nun üzvüdür və burada artıq NATO ilə razılaşdırılmış şəkildə müəyyən addımlar atıla bilər. Əgər Rusiya müdaxilə etməsə, biz Türkiyənin yardımı olmadan da torpqalarımızı azad edə bilərik.
Türkiyənin Naxçıvan üzərində qarantorluq hüququ var və Naxçıvanın qorunmasında rolu ola bilər. Jirinovski kimilər çox istəyirlər ki, Türkiyəni savaşa cəlb etsinlər. Ancaq Türkiyə çox ölçülü-biçili siyasət aparır və hər savaşa da girməz. Kürdüstan məsələsinə gəlincə isə, o vaxt sosialist ideyalarını dünyaya yaymaq üçün kommunizm cücərtilərinin nəticəsi olaraq PKK-lar, dünyanın bir çox yerlərində terror təşkilatlarına çevrilmiş belə təşkilatlar yarandı. O mənada dünyada törədilən terrorların, tökülən qanların çox böyük bir hissəsinin məsuliyyəti Rusiyanın boynundadır.
PKK ilə kürd xalqının öz azadlığı və hüquqlarını arzulamasını eyniləşdirmək olmaz. Bunu eyniləşdirmək Jirinovskinin cahilliyinin əlamətidir. Türkiyə də rahat ulqum deyil ki, kim gəldi əlini uzadıb onu bölüb, parçalayıb kimlərəsə hədiyyə edə bilə. Türkiyənin çox qədim tarixə dayanan kökləri, ən azı 5-6 min illik izləri var. Ona görə də türk torpaqlarını türkün əlindən almaq Jirinovskikimilərin ancaq yuxusu ola bilər”.
Qeyd edək ki, Jirinovski Qarabağ məsələsinə münasibət bildirərkən bunları deyib: “Bu konflikti nə Minsk Qrupu, nə fransızlar, nə amerikalılar həll edəcəklər. Məsələ ilə bağlı yekun qərarı yalnız Rusiya prezidenti qəbul edə bilər. Rusiya bu regionda həmişə farslarla, türklərlə savaşıb, həmçinin erməniləri müdafiə edib. Azərbaycanı biz almamışıq. Onu bizə İran şahı rus səfirinin öldürülməsinə qarşı kompensasiya olaraq verib. Biz Azərbaycanı fəth etməmişik. Azərbaycan və Ermənistan Rusiyanın tərkibinə qayıtmalıdır, əks təqdirdə onlar daha 1000 il belə savaşacaqlar. Əgər Moskva Qarabağı Ermənistana vermək haqqında qərar qəbul etsə, Azərbaycan Türkiyə ilə hərbi müqavilə bağlayacaq və türk hərbi bazaları Dağıstan sərhədində peyda olacaqlar. Dağıstan da həmçinin türkdilli ölkədir.
Dağıstan əldə olunsa, bütün Şimali Qafqazda onların təsiri artacaq. Sosialist inqilabına qədər onsuz da burada hər kəs türkcə danışırdı. Türkiyəyə imkan vermək lazım deyil ki, Azərbaycanı öz yanına çəksin.
Biz Kürdüstanın yaradılmasını dəstəkləyib, Qərbi Ermənistandakı erməni torpaqlarını geri qaytarmalıyıq.
Belə olsa, Qarabağ məsələsi dərhal həll olacaq. Bu 21-ci əsrin ortalarının məqsədidir. Türkiyəyə hər kəs – ruslar, bolqarlar, kürdlər, yunanlar, iraqlılar nifrət edirlər. O, hər kəsə maneə yaradır. Onlar köçəridirlər və Orta Asiyaya geri qayıtmalıdırlar”. (moderator.az)
İnterpress.az