Nazir məlum çıxışında bildirib ki, anbarda torpaq dambalarında su sızmaları müşahidə olunur.
Onun sözlərinə görə, su anbarında suyun artması baş versə, müəyyən problemlər yarana bilər. Ekoloqlar məsələ ilə bağlı həyəcan təbili çalırlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şurasının üzvü, ekoloq Telman Zeynalov bildirib ki, Mingəçevir su anbarında su sızması Azərbaycanı real təhlükə ilə üz-üzə qoyub.
Ekoloq hesab edir ki, Mingəçevir su anbarındakı sızıntılar təkcə ətraf rayonlar üçün yox, bütün Azərbaycan üçün ekoloji fəlakətə səbəb ola bilər. Onun sözlərinə görə, anbarda su daşı yonduğundan bir neçə müddətdən sonra su həmin sızıntını böyük axıntıya çevirəcək. Bu zaman onun qarşısını almaq mümkün olmayacaq: “Belə olan halda bənd partlayacaq. Xəzər dənizinə kimi ətrafda nə varsa hamısını su yuyub aparacaq. Nəinki Aran zonası, şimal əraziləri də su altında qala bilər. Fəlakətin qarşısını almaq üçün indidən tədbirlər gömək lazımdır”. Ekoloq bildirib ki, Mingəçevir su anbarındakı sızıntılara səbəb əhalinin bəndə yaxın torpaqları zəbt edərək əkinçilik işləri aparmasıdır. Nazirlik rəsmisi vurğulayıb ki, yay ayları yaxınlaşdıqca çaylarda sululuq artacaq. Odur ki, artan təzyiq nəticəsində Mingəçevir su anbarındakı sızıntı çoxalacaq. T.Zeynalovun sözlərinə görə, ən böyük fəlakət su basma olsa da, ətraf ərazilərdə nəinki yaşayış binaları, həm də əkin sahələri, bütün təsərrüfat su altında qalacaq.
Bu isə uzun illər ərzaq qıtlığı yaradacaq. “Əhali anbardakı fəlakətin qarşısının alınması üçün tədbirlər görməkdən çox qınaq, narazılıq edirlər. Halbuki, bu problemi onlar özləri yaradıblar. Sakinlər bəndə yaxın əraziləri zəbt edərək əkinçiliklə məşğul olurlar. Nəticədə bəndin fundamenti yuyulur. Hesab edirəm ki, fəlakətin həcmi böyüməmiş bənddə təmir işlərinə başlanılmalıdır. Təmir işləri çöl tərəfdən yox, bəndin içərisindən aparılmalıdır. Çünki təmir çöldən aparılsa, su yaş sementi tez yuyub aparacaq. Təzyiqə tab gətiməsi üçün bəndi daxildən təmir etməlidirlər”. (AzVision.az)
İnterpress.az