“Milli satqınlardan ziyalı elitası yaradıldı”backend

“Milli satqınlardan ziyalı elitası yaradıldı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər sosial şəbəkələrdə və bəzi xəbər saytlarında meydan hərəkatının fəalı, keçmiş məhbus Nemət Pənahlı Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyi təhqir etməkdə ittiham olunur.

-Son günlər sizi Elçibəyi təhqir etməkdə günahlandırırlar. Haqqınızda səsləndirilən ittihamlar barədə nə deyə bilərsiniz?

-Həbsdən çıxandan sonra dəfələrlə mənə qəsdən provakasyon suallar üvanlanır. Çünki mənə qarşı çirkin kampaniya başlatmaq istəyirlər. Mənim kifayət qədər siyasi təcrübəm var. Mənə qarşı kampaniya başlatmaq istəyənlərin dabbaqda gönünə bələdəm. Təxribatçı suallara cavab vermirdim. Bir jurnalist zəng edir ki, “sən Elçibəyə xəyanət etmisən. Bunu etiraf edirsənmi?”. Mən bu suala nə cavab verim?.. Və yaxud da sual verir ki, “sən Elçibəyi təhqir etmisən. Buna peşmansanmı?”. Sualın qoyuluşu başdan-ayağa təxribatdır.

Mən də bu suallara belə cavab vermişəm ki, həyatımda heç vaxt düşmənə belə, böhtan atmamışam. Hətta düşmənim haqqında da layiq olmadığı sözü deməmişəm. Mən həyatda nə demişəmsə, o sözə inanıb demişəm. Atdığım addımlardan o zaman peşman olaram ki, mənim dediyim fikir həyatda özünü doğrultmasın. Mən 1988-ci ildə keçdiyim düşüncə və yolu millət bilməyə bilər. Amma meydan hadisələrindən sonra mənim ağzımdan çıxan hər bir kəlmə yazılıb. Bütün dediklərim, çıxışlarım videolara çəkilib, tarixi fakt və sənədlərlə ortadadır. Mənim 1988-ci ildən bu günə qədər verdiyim bütün proqnozlar özünü doğruldub.

-Meydan hərəkatı zamanı sizi təxribatçı, xalqı məhvə aparan, pozucu qüvvə hesab edənlər kimlər idi?

-Meydan hərəkatında bütün Azərbaycanın ən mifləşdirilmiş şairi əlini atıb mənim yaxama dedi ki, “sən provakatorsan, sən bu xalqı qırğına aparırsan. Rusun adını çəkmək olar? Moskvaya qarşı çıxmaq olar? Azərbaycanı yer üzündən silərlər. Nə azadlıq, nə müstəqillik?”. Mən isə sübut etdim ki, rusa qarşı çıxamaq olar. Bu, o dövrün təbliğatı idi. Azərbaycan ziyalısını 1937-ci illərdə sovet repressiyası məhv etdi. Əvəzində satqın, millətini, tarixini, dinini, Allahını söyənləri, rusa xidmət edən hər cür satqınları xalqa sırıdırlar. Onlara hətta xalq şairləri, xalq yazıçıları adları da verildi. Milli satqınlardan ziyalı elitası yaradıldı.

Həmin yaltaq, milli satqın ziyalı elitası da isbat etməyə çalışırdı ki, Azərbaycan rusa nə qədər yaltaqlansa və sadiq köpəyi olduğunu sübut etsə, Moskva bizə yaxşı baxacaq. Onların dahi adı altında sırıdıqları Nərimanov deyirdi ki, Azərbaycanın əbədi xoşbəxtliyi bolşevik Rusiyası ilə bağldır. Mən isə sübut etdim ki, Azərbaycanın ən böyük düşməni Sovet Rusiyasıdır. Milləti o səviyyəyə gətirdim ki, xalq tam birləşdi və sovet imperiyasına qarşı çıxdı. Nəticədə istədiyinə nail oldu. Onlar sonrakı dövrdə isə qondarma, əldəqayırma ziyalılar sübut ertmyə çalışırdılar ki, Azərbaycan müstəqil yaşaya bilməz, Rusiyasız qala bilmərik.

Nemət Pənahlı sübut etdi ki, keçmiş sovet xalqları içərisində ən çox müstəqilliyə layiq olaq xalq bizik. Rusiyanın ən qüdrətli dövrü SSRİ zamanı olub. O dövrdə Rusiyaya qarşı əli silahlı qalxaraq savaş açdıq və qalib gəldik. Rusiya da erməni cildində qısıldı, Qarabağda qaldı. İndi də Azərbaycan xalqına sırımağa çalışırlar ki, Azərbaycanın, Qaraqbağın taleyi Rusiya, Amerika, ATƏT və ya Avropada həll olunmalıdır. Bu gün həmin milli satqınlar və onların təfəkkürü yenidən millətin özünə qarşı inamını öldürüb. Mən bunu o zaman da milli xəyanət hesab etmişəm və bu gün də belə hesab edirəm.

-Necə oldu ki, Əbülfəz Elçibəylə aranızdakı münasibətlər pozuldu və siyasi fikir ayrılıqları yarandı?

– Əbülfəz bəylə mənim ayrılmağımın səbəbini deyim siz də bilin. Əbülfəz Elçibəyin və onun ətrafı rəsmi şəkildə Kommunist Partiyası ilə əməkfaşlıq edib, sazişə getdilər. 20 Yanvardan sonra rəsmi bəyanat verdilər ki, Azərbaycan Xalq Cəbhəsi, Kommunist Partiyası və Azərbaycan ziyalıları birləşib. Axı kimə qarşı birləşirdilər?..

O zaman DTK-nın polkovniki Elçibəyi müdafiə, Nemət Pənahlını isə ittiham edirdi. Sovetin sadiq köpəyi olan “KQB” zabitinin Əbülfəz Elçibəyə sevgisi haradan idi? Rusun sadiq nökəri əgər məni tərifləsəydi, mən özümdən şübhələnərdim. DTK-nin işçisi Əbülfəz Elçibəyi Azərbaycanı xalqını sevdiyinə görə dəstəkləyirdi? Xeyr, bu əsla belə deyildi. Burada gizli sövdələşmə və saziş var idi.

Azərbaycan xalqını qan içində boğan Kommunist Partiyası ilə Xalq Cəbhəsi neçə birləşdi? Mən zamanında sözümü demişəm. Bu gün mənə təxribatçı sual verənlər gözləyir ki, mən deyim ki, Elçibəyi təhqir etmişəm və buna görə peşmanam. Onlar da yazsınlar ki, Nemət Pənahlı təslim oldu, yaxud Nemət Pənahlı etraf etdi. Həmin o təxribatçılar bunu heç vaxt görməyəcklər. Mən heç kimi təhqr etməmişəm ki, buna peşman da olum.

-Bəs siz Əbülfəz Elçibəyi tənqid edəndə, o, buna necə münasibət bəsləyirdi?

– Mən Əbülfəz Elçibəyi vaxtı ilə ən sərt formada tənqid etmişəm. Əbülfəz Elçibəyə mənim haqqımda hər zaman sual verəndə, o, heç vaxt məni tənqid etməyib. Kimlərsə onun tərəfdarı kimi mənə fit çalanda o deyirdi ki, “ayıbdır, Nemət Pənahlı bu meydanın qəhrəmanıdır. Nemət Pənahlı azadlıq simvoludur”.

Bu gün özünü Əbülfəz bəyin tərəfdarı sayan və onun ruhuna hörmət edənlərin mən Nemət Pənahlıya hörmətsizlik etməsi Elçibəyin ruhuna və şəxsiyyətinə ən böyük xəyanət və sayğısızlıqdır.

-Sizi eyni zamanda Gəncə hadisələri zamanı Surət Hüseynovu Bakıya gətirməkdə və o zamankı AXC hakimiyyətinə xəyanət etməkdə ittiham edirlər…

-Mənim əleyhimə kampaniya aparanlar bu gün deyirlər ki, Nemət Pənahlı 1988-ci ildən 90-cı ilə qədər meydanda milli qəhrəman idi. Amma sonradan Gəncə hadisələri zamanı Xalq Cəbhəsinə, Elçibəyə qarşı çıxdı və xəyanət etdi.

Yəni məni Gəncə hadisələrində ittiham edirlər. İnanın özü keçdiyi yolu özündən yaxşı heç kim bilə bilməz. Mənim Gəncə hadisələrindəki tarixi rolum 1988-ci ildə meydan hərəkatındakı xidmətlərimdən az olmayıb.

Əgər Nemət Pənahlı Gəncə hadisələrinə müdaxilə etməsəydi, Azərbaycanın müstəqilliyi təhdid və risk altıda qalacaq və bugünkü müstəqilliyimiz olmayacaqdı. Gəncədə parlament çağırılacaq və Surət Hüseynov parlament elan edəcəkdi, rus ordusu da yenidən Bakıya qayıdacaqdı.

Nemət Pənahlı 1988-ci ildə meydanlarda həyatını riskə atanda bilirdi ki, millət üçün şərəfli örnək qoyur. Mən Gəncə hadisələrinə müdaxilə etməsəydim, bu millət və xalq uçuruma gedərdi. Nemət Pənahlı Gəncəyə getməsəydi, orada Rusiyanın qurduğu ssenari həyata keçəcəkdi.

O zaman vətəndaş müharibəsi yaratmaqla 20 Yanvar, Xocalını yaddan çıxartmaqla xalqın başını qatmaq istəyirdilər. Mən Ayaz Mütəllibovu yenidən hakimiyyətə gətirib rus ordusunu Bakıya yeritmək istəyənlərin planlarını məhv etdim.

Mən Gəncəyə müdaxilə edəndə bilirdim ki, əgər mən bu vəziyyəti dəyişməsəm, onun nəticəsində Azərbaycan süqut etsə, mən vətən xaini, xalq düşməni kimi tarixə düşəcəm. Mənim öz nəslim və millətim üçün də milli qəhrəman birdən-birə dönüb satqın olacaq. Mən hadisələrə müdaxilə etdim və həyatımla riskə girib Gəncəyə getdim. Bunun üçün mən fəxr edirəm.

Televiziyada canlı efir təşkil edilsin və Gəncə hadisələri ilə bağlı bütün detalları danışmağa hazıram. Gəncəyə necə nə haradan getmişəm, hadisələr necə olub, mən orada nələr etmişəmsə hamısını deyəcəm.

– Söylədiyiniz kimi, bu gün əleyhinizə siyasi kampaniya başladanlara daha nə demək istəyirsinz?

– Mübarizə meydanına girəndən mənə qarşı çirkin kampaniyalar başlayıb. Əgər başlayıbsa, deməli mən varam və hələ də bu şərəfli yolda mübarizə aparıram. Sənə qarşı mübarizə aparılmırsa, milli satqınlar üçün təhlükə deyilsən. Mübarizəyə başladığım gündən bu günə kimi əleyhimə aparılan təbliğat heş vaxt dayanmayıb.

Mən 16 yaşımdan Allahla əhd-peyman bağlamışam. Demişəm ki, ay Allahım, mənə güc və qüvvət ver ki, Sovet İmperiyasına qarşı mübarizə aparım və xalqıma müstəqillik bəxş edim. Bu günə qədər haqq yolunda karvan kimi gəlməkdəyəm. Karvan yola çıxanda itələr hürməyə başlayır, karvan isə yolunda dayanmaz. Mübarizəyə başladığım gündən mənə qarşı sağdan, soldan, aşağıdan və yuxarıdan zərbələr endirməyə, məni yolumdan döndərməyə çalışırlar.

Mən Allah, vətən, millət eşqi ilə bu yola çıxmışam. Son nəfəsimə qədər bu yoldan dönməyəcəm, mübarizəmi dayandırmayacam. Ona görə də karvana hürən itlərə ıhəmiyyət vermirəm. Onlar hürməklərində olsunlar, mən də yoluma davam edəcəm. (Modern.az)

İnterpress.az