Təbiətin insanlara bəxş etdiyi saysız-hesabsız şəfalı bitkilərdən biri də itburnudur. İtburnu hələ qədimdən qürur, məhəbbət, gözəllik və cavanlıq simvolu olub. Onun çiçəkləri ilə gəlinləri, qəhrəmanları və hökmdarları bəzəyirdilər. İtburnu meyvələrindən dəmləmə, konsentrat, şərbət və mürəbbə şəklində bir sıra xəstəliklərin müalicəsində geniş istifadə edirlər.
Müalicəvi xüsusiyyətlərinə görə, itburnu hələ qədimdən təbabətdə özünə layiqli yer tutub. Tərkibi bioloji fəal maddələr, C, A, K, P vitaminləri, pektin maddəsi, mikroelementlərlə zəngin olduğundan, itburnu orqanizmdəki müxtəlif xəstəliklərlə mübarizə aparmağa qadirdir.
“İtburnu qaraciyər və öd, böyrək, sidik yolları xəstəliklərində, orqanizmin immuniteti zəifləyən vaxt, ürək damar sistemi, infeksion xəstəliklər zamanı istifadə olunur. Qrip olanda itburnu meyvəsindən istifadə çox vacibdir. Həmçinin qan təzyiqinin aşağı salınmasında, ateresklerozun müalicəsində tətbiqi çox gözəl nəticələr verir”, – deyə əczaçı texnoloq Sərxan Tağıyev bildirib.
Bununla yanaşı, itburnu qanda xolesterinin miqdarını azaltdığına görə, damar kirəcləşməsinin, qanaxmaların qarşısını alır. Maddələr mübadiləsini normallaşdırır. O, ağız və diş əti xəstəliklərində də faydalıdır. Maraqlıdır ki, bədənin müqavimətini gücləndirən itburnu, həm də intellektual qabiliyyəti artıra, yaddaşı möhkəmləndirə bilir.
İtburnu sinir sistemini sakitləşdirir, yorğunluğu götürür. Tərkibindəki dəmir elementlərinə görə, qan azlığı olanlara çox müsbət təsir edir. Həkimlər xüsusilə uşaqlar üçün onun dəmləməsindən, şərbətindən istifadəni zəruri sayılır. Şəkərli diabet zamanı da bu bitkinin olduqca böyük faydasi var.
Ev şəraitində itburnu dəmləmək üçün onun uc hissəsini kəsib, azacıq əzmək lazımdır. Daha sonra üzərinə qaynar su töküb, 10-15 dəqiqə qaynatdıqdan sonra dəsmalla büküb, bir saat saxlayın. Tənzifdən süzdükdən sonra içmək olar. Yaxud ucu kəsildikdən sonra onu bağlı bir qaba, məsələn termosa töküb üzərinə qaynar əlavə edin. 10-12 saat ağzı bağlı saxladıqdan sonra istifadə etmək olar. (ans)
İnterpress.az