Xəbər verilir ki, təhlükəsizlik xidmətlərindəki mənbələr aeroporta hücumu həyata keçirən terrorçu qrupun 7 nəfərdən ibarət olduğunu bildirirlər.
Onlardan üçü bilavasitə intiharçı hücumu həyata keçiriblər, qalan 4-ünün isə həmin terrorçuları aeroporta çatdırıb və hücumla bağlı digər təşkilati işləri həyata keçiriblər. Hazırda həmin terrorçuların axtarışı gedir. Bununla belə hücumu həyata keçirənlərin kimlikləri və hansı ölkə vətəndaşları olduqları barədə hələlik heç bir ip ucu yoxdur. Məlumatlara görə terrorçuların cəsədlərinin qalıqlarından götürülən nümunələr əsasında DNK analizi aparılır və onların kimliklərini bu analizlərdən sonra təsbit etmək mümkün olacaq.
Habelə aeroportun təhlükəsizlik kameralarının görüntülərinə əsasən hücumu həyata keçirən terrorçulardan biri hadisədən bir neçə saat əvvəl Atatürk Aeroportuna girib və hücumun həyata keçiriləcəyi nöqtələri dolaşıb. Lakin nədənsə bu şübhəli davranış aeroportun təhlükəsizlik xidmətinin diqqətindən yayınıb.
Ümumiyyətlə, terrorçuların “Kalaşnikov” avtomatları ilə silahlanmış və üzərlərinə bomba bağlamış vəziyyətdə aeroportun uçuş terminalına daxil olması, X-Ray cihazına qədər yaxınlaşması təhlükəsizlik tədbirləri ilə bağlı ciddi boşluqlardan xəbər verir. Türkiyənin hökumətyönlü mediası və telekanalları bu boşluqlar haqda bəhs etmir. Lakin müstəqil və müxalifyönümlü media aeroport personalına istinadən təhlükəsizlik tədbirlərinin yetərsizliyi haqda yazır, bildirilir ki, terrorçular əl-qolunu sallayaraq terminala daxil olublar.
Türkiyə Milli İstihbarat Təşkilatının terror hücumlarının qarşısının alınmasında yetərsiz fəaliyyəti də tənqid olunur. Belə tənqidlər əsasən sosial mediada yer alır. CNN Türk kanalı xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennan 20 gün əvvəl MİT direktoru Hakan Fidanı 30 İŞİD terrorçusunun terror hücumları həyata keçirmək üçün Türkiyəyə daxil olduğu barədə xəbərdar edib. Brennanın məktubunda terrorçuların hədəfləri arasında Atatürk Aerportunun da yer aldığı göstərilib. Buna baxmayaraq MİT planlaşdırılan terror hücumunun qarşısını ala bilməyib.
Cəmi bir ildə İstanbul və Ankarada yüzlərlə insanın həlak olması ilə nəticələnən 10 intiharçı terror hücumunun baş verdiyi nəzərə alınarsa MİT-in fəaliyyəti həqiqətən çoxlu suallara yol açır. (virtualaz.org)
İnterpress.az