“Klonlaşan” Azərbaycan qadınıbackend

“Klonlaşan” Azərbaycan qadını

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gözəllik salonları və plastik cərrahlar gənc xanımlar arasında daha populyardır. Kinoteatrların yolunu tanımayan Azərbaycan qadını gözəllik salonlarının yerini əzbər bilir. Plastik cərrahlar istənilən aktyordan, alimdən, şairdən daha məşhurdur.

Ən dəhşətlisi isə düşüncə tərzidir. Yaşı 40-ı keçməyən əksər qadınların eyni düşünməsi, eyni arzularla yaşaması adi haldır. Üstəlik, bu düşüncə tərzi kifayət qədər bəsit, kifayət qədər zərərli, kifayət qədər təhlükəlidir…

Əvvəllər belə deyilmiş. Fərqli kitablar oxuyub, fərqli teatrlara gedib, fərqli dəbi izləyib, fərqli düşünə bilirmiş Azərbaycan qadını. Kitab oxumayanı da duruşuyla, yerişiylə, gözüylə-qaşıyla, mətbəxdəki məharətiylə, sosial-ictimai həyatda fəallığıyla fərqlənirmiş. Və çox uzaq olmayan tarixdə boşanmaların, xəyanətlərin sayı da azmış. Bunu o illərin canlı şahidləri deyir, mən yox. Plastik əməliyyatlar üçün izdihamlı növbələr yoxmuş, melanxolik türk seriallarına baxmaqdansa qadınlar kitab oxuyur, övlad böyüdür, təhsil arxasınca qaçırmış.

Sovet gəncliyindən bəhs edən filmlərdə, kitablarda bir-birinə bənzəyən, eyniləşməyi ilə gözləri yağır edən qadınlar varmı? Sizi əmin edirəm ki, yoxdur. Heç on il əvvəl də bu qədər standart eyniyyət yox idi. Bir-birinin klonu olan qadınlar çoxalır, vətəndaşlar. Fərqində deyilsinizmi?

Bütün dərdi ərə getmək və sonra bir bəhanə tapıb boşanmaq olan, burnunu kəsdirib dodağına, döşlərinə silikon doldurmaq istəyən, qaşını ləğv edib yerinə tatu etdirən, istifadə etdiyi telefonun yeni modelinə tamah salan qadınlar tamaməilə yeni dalğadır.

Əvvəllər, qadını da, kişini də kitablar, təhsil, adət-ənənələr, təlim-tərbiyə yetişdirərdi. Örnəklər, nümunələr fərqli və canlıydı. İndi insanları ağıllı telefonlar, seriallar, reklamlar, internet saytları yetişdirir. Örnəklər və nümunələr isə saxta həyatdan götürülmüş saxta \”qəhrəmanlar\”dır. İndi qadınlar seriallarda gördüyü dəbdəbəli həyatı, parıltılı geyimləri, saxta azadlığı nümunə götürür. Hər gün serial qəhrəmanlarına bənzəyən qadınlarla rastlaşanlar dediklərimlə qeyd-şərtsiz razılaşacaq. Razılaşmayanlara daha diqqətli olmağı tövsiyə edirəm, başqa heç nə…

Əvvəllər \”bəxtini açdırmaq\” üçün falçı yanına gedənlər əksərən cahil, təhsilsiz xanımlar olardı. İndi falçıların qapısı ağzında 6-7 dil bilən, normal ali təhsil almış qadınlar növbə gözləyir.

Seriallarda, jurnallarda kosmetikanın və plastik əməliyyatların \”gözəlləşdirdiyi\” aktrisalara həsədlə baxan, ailəsinin min əziyyətlə qazandığı pulu kosmetik vasitələrə, plastik əməliyyatlara xərcləyən qadınların çoxaldığı bir cəmiyyətdə yaşayırıq və bunun nə qədər təhlükəli olduğunu anlamırıq.

İndi qadınlarla söhbət etməkdən zövq almaq olmur, inanın. Hər iki qadından biri serial qəhrəmanları kimi göz süzdürür, şou ulduzları kimi xəyala dalır, serial ulduzlarının jestləri ilə cilvələnir, melodram qəhrəmanları kimi danışır.
İndi öpüşlər də əvvəlki kimi dadlı deyil desəm, milli-mənəvi dəyərlər prizmasından məni səhv çıxarıb linç edəcəksiniz.
Ən yaxşısı, mən bu söhbəti bağlayım və heç nə deməyim.
Özünüz bir balaca baş sındırın və düşünün. (milli.az)

İnterpress.az