MTN qurbanı, general Mövlan Şıxəliyevin ondan 3 milyon manatdan çox pul aldığını iddia edən xanım iş adamı Ülviyyə Abdalova sabahdan aclıq aksiyasına başlayacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Moderator.az-a xanım şikayətçinin özü məlumat verib. Ü.Abdalovanın sözlərinə görə, ona qarşı yönəlik təzyiq və təhdidlərin azalmaması, əksinə günbəgün artması onu belə bir addım atmaq məcburiyyəti qarşısında qoyub:
“2006-cı ildən bəri mənim və həyat yoldaşımın başına gətirilən müsibətlər, habelə MTN generalı Mövlan Şıxəliyevlə bağlı Bağ Prokurorluğa ünvanladığım şikayətdən sonra Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinin müstəntiqi Orxan Babayevin mənə qarşı bir neçə maddə üzrə qurama ittiham irəli sürməsi mətbuatdan çoxlarına məlumdur.
Mən bu günə qədər haqqın və ədalətin öz yerini tutması, mənə dəyən milyonlarla manat zərərin ödənilməsi, özümə, eləcə də ailə üzvlərim və yaxın qohumlarıma yönəlik təzyiqlərin azaldılmasına nail olmaq üçün bütün əlaqədar dövlət qurumlarına müraciət edərək onlardan kömək istəmişəm. Lakin təəssüflər olsun ki, hələ də ciddi mənada dəyişən bir şey yoxdur və dünən olduğu kimi bu gün də ailə üzvlərimizin həyatı sual altındadır. Məhz bu səbəbdən də mən 5 dekabr tarixindən etibarən aclıq aksiyasına başlamağa qərar vermişəm. Ümid edirəm ki, heç olmasa bu aksiyadan sonra mənim problemimə dövlət yetkililəri diqqətlə yanaşacaq, mənə qarşı M.Şıxəliyevin qohumu O.Babayev tərəfindən irəli sürülən ittihamların əsassızlığı sübuta yetiriləcək və zərərçəkmiş olduğum halda məni cavabdeh qismində hakim qarşısına çıxaranlar layiqli cəzasını alacaqdır.
Mən bütün media və ictimaiyyəti, dövlət orqanlarını, hüquq təşkilatlarını, müstəqil ekspertləri, qadın hüquqlarını müdafiə birliklərini baş verənlərə biganə qalmamağa, köməksiz vəziyyətdə olan bir qadını məhv etmək üçün bütün iyrənc üsullara əl atan şəxslərə qarşı mübarizədə mənə yardımçı olmağa çağırıram”.
İnterpress.az