6 abituriyent qəbul imtahanından QOVULDUbackend

6 abituriyent qəbul imtahanından QOVULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan 22 şəhər və rayonda təşkil olunub.


DİM-dən bildirlib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 75 imtahan binası, 1266 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 75 ümumi imtahan rəhbəri, 249 imtahan rəhbəri, 1647 nəzarətçi–müəllim, 157 buraxılış rejimi əməkdaşı, 75 bina nümayəndəsi ayrılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarəti normaya uyğun olub. 6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin saytına və sosial şəbəkə hesablarına yerləşdiriləcək.

Bu gün saat 16:00-da DİM-in “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Abituriyentlər suallarını “Facebook”da yerləşdirilən müvafiq postun altına yaza və ya [email protected] elektron poçtuna göndərə bilərlər.

İyulun 16-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.