İnterpress.az xəbər verir ki, bu barədə Belarus Baş Prokurorluğunun rəsmi nümayəndəsi Pyotr Kiselev məlumat verib: “Ali məhkəmənin qərarından sonra ekstradisiya barədə qərar qüvvəyə minir və Daxili İşlər Nazirliyinin qurumları tərəfindən icra edilməlidir”.
Ekstradisiya gözləyən Lapşin hələ ki, Azərbaycana çatdırılmayacaq. Belə ki, onun həyat yoldaşı Belarus hakimiyyətinə rəsmi müraciət edərək Lapşinə əlavə müdafiə verilməsi barədə xahiş edib.
Belarus qanunvericiliyinə əsasən, əlavə müdafiə respublikanın ərazisində olan, qaçqın statusu almasına əsas olmayan əcnəbilərə verilir. O halda ki, onların öz vətənlərinə qayıtdıqda ölüm cəzası, işgəncə və digər qəddar, qeyri-insani təhdidlərlə üzləşəcəyinə dair tamamilə əsaslandırılmış qorxuları var.
Rusiya və İsrail vətəndaşı Lapşinin adı Azərbaycanın sorğusuna əsasən, axtarışda olan şəxslərin beynəlxalq bazasına daxil edilib. O, ötən ilin dekabrında Minskdə saxlanılıb. Rəsmi Bakı onu Azərbaycan hakimiyyətilə razılaşdırmadan işğal altında olan Dağlıq Qarabağ ərazisinə səfər etməkdə ittiham edir.
Yanvarın 17-də Belarus Baş Prokurorluğu rəsmi Bakının sorğusuna əsasən, Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib.
“Biz onu Azərbaycana verməliyik, bunu etməmək üçün heç bir əsasımız yoxdur”, -deyə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, İsrail və Azərbaycan bu şəxsin taleyi barədə artıq razılığa gəlib və ya gələcək.
Rusiyanın XİN rəsmisi Mariya Zaxarova bundan əvvəl Rusiya vətəndaşının üçüncü ölkəyə verilməsinin yolverilməz olduğunu açıqlayıb. (aznews.az)
İnterpress.az