Vəkil Səfər Hüseynov həbsdə olan blogger Aleksandr Lapşinlə görüşüb. Bu barədə APA-ya məlumat verən S.Hüseynov onunla 1 saylı Bakı İstintaq Təcridxanasında görüşdüyünü, saxlanma şəraitindən hər hansı şikayətinin olmadığını, səhhətinin normal olduğunu deyib. Qeyd edək ki, S. Lapşin fevralın 7-də gecə saatlarında Belarusdan Azərbaycana ekstradisiya edilib.
Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan blogger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub.
O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A. Lapşinin vəkili bu qərardan Minsk Şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk Şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib. Ali Məhkəmə şikayəti təmin etməyib.
Bloggerin anası oğlunun üzərində məhkəmə prosesini izləmək üçün Azərbaycana gəlmək istəyir. Virtualaz.org xəbər verir ki, bunu bloggerin bacısı Yuliya deyib. “Mənim anam məhkəmə prosesinin gedişini yerində izləmək üçün Bakıya mümkün qədər tez yola düşmək istəyir”, – deyə fevralın 7-də Minskdən Bakıya ekstradisiya olunmuş Lapşinin bacısı bildirib. Xatırladaq ki, bundan əvvəl bloggerin İsrail vətəndaşı olan anası oğlunun əfv etməsi xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. O, məktubunu İsrailin Xarici İşlər Nazirliyinə göndərib, oradan isə onu Azərbaycan tərəfinə çatdırıblar.
Həbs olunan bloqçu Aleksandr Lapşinin anası Bella Lapşin açıqlama verib. BBC Azərbaycancaya müsahibəsində o oğlunun bu dəfə “düşüncəsiz hərəkət” etdiyini, lakin ümumiyyətlə “heç vaxt həbslə nəticələnəcək hərəkətə yol verməyən insan” olduğunu deyib.
Lapşinin Azərbaycana ekstradisiya olunmasını mətbuatdan öyrəndiyini bildirən anası özünün və qızının hadisədən çox kədərləndiklərini deyib. O həmçinin bildirib ki, Aleksandr Lapşinin ekstradisiyasından sonra onunla oğlunun şəraiti və ya onun hüquqi baxımdan vəziyyəti barədə heç kəs əlaqə saxlamayıb. Azərbaycan hökumətinin onun işi ilə bağlı şəfqətli olmasına rica edərək, Bella Lapşin gələn həftə Azərbaycana getmək niyyətində olduğunu bildirib. “Mən oğlumla görüşməyə çalışacağam”, o əlavə edib.
Oğlunun azadlığa buraxılmasına dərindən ümid etdiyni deyən Bella Lapşin, Azərbaycan hökumətinə \”yalvarıram, onu bağışlayın və əfv edin\” deyə müraciət etdiyini bildirib.
Azərbaycan qanunlarını kobud şəkildə pozan bloggerin Bakıya ekstradisiyası dünya mətbuatında da geniş müzakirə olunur. İsrailin nüfuzlu jurnalisti və siyasi şərhçisi, İTON TV internet telekanalının jurnalisti Aleksandr Qurarye “Sputnik Belarus” radiosuna müsahibəsində maraqlı fikirlər söyləyib. İsrail jurnalisti bildirib ki, Lapşinin bloqunu araşdırıb və onun İsrailə, eləcə də Rusiyaya kifayət qədər çirkab atdığının şahidi olub. “Özü də məqsədyönlü şəkildə çirkab atıb, ölkə haqda, orada yaşayan insanlar haqda heç də yaxşı fikirlər işlətməyib. Niyə? Bu, sirr olaraq qalır. Bu adam məşhurlaşmaq üçün peşəkarcasına təxribatla məşğul olub”-İsrail jurnalisti əlavə edib.
Politoloq Hikmət Hacızadə də Lapşini təxribatçı sayır: “Əlbəttə ki, təxribatçıdır. Amma bunu hansısa ölkənin tapşırığı ilə etdiyinə inanmıram. Sadəcə, özü məsuliyyətsiz və avara bir adamdır”. Ekspert onun Bakıya gətirilməsini doğru sayır: “Hesab edirəm ki, Lapşini tamamilə haqq edib yaxaladılar və buraya gətirdilər. Heç kim yaddan çıxarmasin, Lapşini ona görə həbs ediblər ki, arzuolunmaz şəxs elan olunduqdan sonra Azərbaycan hakimiyyətinin əsəbləri ilə oynadı. Yenidən başqa pasportla, ayrı adla Azərbaycan ərazisinə gəlib. Bu səbəbdən dövlət sərhəd xidməti onu qeydə ala bilməyib”. H.Hacızadənin fikrincə, əgər Lapşin gedib Azərbaycan hakimiyyətinin ünvanına aşağılayıcı fikirlərlə çıxış etməsəydi, hətta saxta sənədlə buraya gəlib-getməsi də nəzərə çarpmayacaqdı. “Görünür ki, Lukaşenkoya Azərbaycanla əlaqələr gündən-günə vacib görünür”-deyə, H.Hacızadə Belarus prezidentinin mövqeyini dəyərləndirərkən əlavə etdi.
Belarus prezidentinin hətta Rusiyanın təhdidlərinə rəğmən prinsipiallıq nümayiş etdirməsi maraqla qarşılanıb. “Mən ilk gündən dedim ki, onu, qanunun tələb etdiyi kimi, Azərbaycana vermək lazımdır”-deyə, Aleksandr Lukaşenko Belarusun qərarı haqda danışarkən deyib. Onun sözlərinə görə, İsrail və Rusiya vətəndaşı olan Lapşinə sözügedən iki ölkədən heç biri sahib çıxmaq istəməyib.
“Aleksandr Lapşinin ekstradisiyası başqaları üçün dərs olacaq ki, rəsmi Bakının icazəsi olmadan işğal olunmuş ərazilərə getmək olmaz və Azərbaycan dövlətinə hörmət etmək lazımdır”.
“Trend”in məlumatına görə, bu barədə qazaxıstanlı ekspert Əskər Kumıran sosial şəbəkədəki səhifəsində yazıb. Ekspert yazıb: “Bu cür nümunəvi cəza. Yeri gəlmişkən, bu cəzanı Bakıya məlumat vermədən Qarabağa gedən bəzi Qazaxıstan vətəndaşlarına, jurnalistlərə və kino xadimlərinə də vermək olar”. Ə.Kumıran blogger Lapşinin Azərbaycanın işğal olunmuş ərazilərinə getdikdən sonra Azərbaycan paytaxtına gəldiyini və dövlətə qarşı ələ salan yazılar yazdığını xatırladıb.
Rəsmi Bakı isə məsələnin siyasiləşdirilməsinə qarşıdır. “Aleksandr Lapşinin məsələsinin gərəksiz siyasiləşdirilməsi məni hiddətləndirir və təəccübləndirir”. APA-nın məlumatına görə, bu sözləri “RİA Novosti”yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Qeyd edək ki, E.Məmmədyarov Rusiya səfiri ilə görüşdə blogger Aleksand Lapşinlə bağlı məsələni müzakirə edib. Səfirlik əməkdaşlarının bu həftə bloggerlə görüşü gözlənilir.
Ermənistan isə Minskin addımının qarşılığında Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşdırılması təklifini irəli sürüb. “Belarus öz seçimini edib və onun KTMT-dən uzaqlaşdırılması ideyasının heç bir hüquqi əsası yoxdur”. Bunu Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Dmitri Mironçik İrəvana cavab olaraq deyib.(axar.az)
O, Belarusun KTMT-də iştirak edib etməməsinin onun öz könüllü işi olduğunu bildirib.
“Lapşinin Azərbaycana təhvil verilməsi Azərbaycanın xarici siyasətinin, o cümlədən dövlət başçısı cənab İlham Əliyevin uğurudur. Bu, çox ciddi bir məsələdir”.
Bunu “Yeni Müsavat”a açıqlamasında deputat Vahid Əhmədov bildirdi. V.Əhmədov da XİN başçısı E.Məmmədyarovun fikirlərini təsdiqləyərək bildirdi ki, bu olayı çox siyasiləşdirməyə də ehtiyac yoxdur: “Bu, faktiki olaraq, Azərbaycan qanunlarını pozmuş bir şəxsdir və qanuna uyğun olaraq Azərbaycana təhvil verilib, barəsində cinayət işi açılıb”.
Belarusun bir neçə ölkəni qıcıqlandıran belə bir addım ataraq, Azərbaycana qarşı xoşməramlı mövqe nümayiş etdirməsinin səbəblərinə gəldikdə, V.Əhmədov bunları bildirdi: “Birincisi, Aleksandr Lukaşenko Azərbaycana, dövlət başçımıza olan hörmətini, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu nəzərə alaraq belə bir addım atdı. Ümumiyyətlə, son vaxtlar cənab Lukaşenko daha çox müstəqil siyasət aparmağa çalışır və Rusiyanın imperiya siyasətini qəbul etmək istəmir. Bu yaxınlarda da Jirinovski SSRİ-in bərpası ilə bağlı sərsəm bir ideya ortaya atdı. Digər tərəfdən, Aleksandr Lukaşenkonun prezidentliyi dövründə Minsk-Bakı münasibətləri həmişə yüksək səviyyədə olub, müəyyən çətinliklər zamanı Azərbaycan həmişə Belarusa yardım edib. Məncə, o da bunu nəzərə alaraq Lapşinin Azərbaycana ekstradisiyası barədə çox düzgün bir qərar verib”.
V.Əhmədov Lapşinin vətəndaşı olduğu ölkələrdən də hansısa təzyiqlər gözləmir: “Lapşin üç ölkənin vətəndaşıdır. Həmin ölkələr lazım bilsəydilər, vaxtında bloggerlə bağlı Belarusa müraciət edərdilər. Ancaq Belarus prezidenti Lukaşenko dedi ki, heç bir müraciət olmayıb. Müraciət yalnız Bakıdan, İnterpol vasitəsilə olub ki, Lapşin Azərbaycan qanunlarını pozduğu üçün ölkəmizə təhvil verilməlidir. Biz də beynəlxalq normalara riayət edərək onun ekstradisiyasına nail olduq”.
Deputat qeyd etdi ki, bu məsələnin necə qurtaracağı ikinci dərəcəli məsələdir: “Deyək ki, Lapşinin anası Bakıya gəlib, bloggerin özü cənab prezidentə müraciət edib ki, səhvini başa düşüb. Məsələ necə yekunlaşacaq, bunu məhkəmə prosesinin gedişində görəcəyik. Ola bilər ki, Rusiya, İsrail, Ukrayna dövlətlərinin rəhbərləri ilə cənab prezident arasında müəyyən danışıqlar olsun. Amma hər kəs başa düşməlidir Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz gedənlər mütləq cinayət məsuliyyətinə cəlb olunacaq. Azərbaycan dövlətinin rəhbəri bunu bir daha beynəlxalq aləmə göstərdi ki, Bakının icazəsi olmadan həmin ərazilərə heç kim səfər edə bilməz”.
İnterpress.az