İnterpress.az xəbər verir ki, “Al-Sana” MMC-nin istehsal etdiyi kolbasa məhsullarında və “Sab” markalı süd məhsullarında coğrafi göstərici qismində “Naxçıvan” sözündən istifadə edilməsinə dair məlumat yayılıb.
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur. Eyni zamanda əmtəə nişanları, coğrafi göstəricilər və ya onlarla qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt məhsullar hesab edilir. Lakin adları çəkilən müəssisələrdə kolbasa və süd məhsulları müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan, qeyri-qanuni olaraq “Naxçıvan” adı ilə markalanıb. Qeyd edək ki, paytaxt Bakıda fəaliyyət göstərən bir sıra market və satış mərkəzlərində “Naxçıvan” markalı süd və süd məhsulları (qatıq, şor, süzmə və s.), o cümlədən ət və ət məhsulları (kolbasa, sosiska və s.) satışa çıxarılıb. Ekspertlər Naxçıvan MR-la Azərbaycanın digər regionları arasında uzun məsafəni nəzərə alaraq, bu kimi tez xarab olan və xarab olmağa meyilli məhsulların gətirilməsinin mümkünsüzlüyünə diqqət çəkirlər. Hesab olunur ki, bu, adla bazara çıxarılan məhsullar bir sıra işbaz sahibkarların saxta məhsullarına müştrə cəlb etmək əl atdıqları növbəti fırıldaqlardan biridir. Ekspertlər bu markalı məhsullara qarşı əhalini diqqətli olmağa çağırıblar.
İnterpress.az