Zeynalov Samir Şərifovun adamlarını tələb edirbackend

Zeynalov Samir Şərifovun adamlarını tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində ilk olaraq şahid Babayev Mikayıl ifadə verib.

O, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş mütəxəssis vəzifəsində çalışdığını və istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib.

Bakı Telefon Rabitə İstehsalat Birliyinin sabiq rəhbəri, hazırda həbsdə olan Beytulla Hüseynovun vəkili şahidə sual verərək nazirlik tərəfindən görülməsi nəzərdə tutulan işlərin yerinə yetirilib-yetirilmədəyi barədə soruşub. B.Hüseynov vəkilinin sual verməsinə narazılıq edib.

Bundan sonra vəkil sonuncu sualı ilə kifayətlənib.

Şahid isə suala cavabında nazirlik tərəfindən lazım olan bütün işlərin yerinə yetirildiyini bildirib.

Hakim Əfqan Havıyev bir neçə şahidin, o cümlədən Ağayev Əlimövsümün xəstə olduğundan məhkəməyə gələ bilmədiyini və teleqram vuraraq istintaqdakı ifadəsini təsdiq etdiyini qeyd edib.

Digər şahidlər də məhkəməyə müəyyən səbəblərdən gələ bilmədikləri ilə bağlı teleqram vurublar.

Sabiq aparat rəhbəri Vidadi Zeynalov isə buna etiraz edib və deyib: \”Mən ifadə verməyəcəm deyəndə deyirsiniz ki, istintaqa ifadəm qəbul ediləcək. İndi bu adamlar niyə gəlib ifadə vermir? Niyə onların ifadəsi qəbul edilir?\”.

Hakim isə V.Zeynalovun dediklərinə belə cavab verib: \”Əgər şahidin məhkəməyə gəlmək imkanı yoxdursa və təqsirləndirilən şəxs ifadə vermirsə, onun istintaqa verdiyi ifadəsi elan edilir və məhkəmə tərəfindən qəbul edilir\”.

Məhkəmənin davamında hakim Vidadi Zeynalova növbəti dəfə ifadə verməyi təklif edib.

Vidadi Zeynalov isə Maliyyə Nazirliyinin əməkdaşlarının məhkəməyə əlavə şahid kimi gətirilməsini tələb edib: \”Əgər onlar gəlməsə, mən ifadə verməyəcəm. İttihamda qeyd edilən şişirdilmiş qiymətləri Maliyyə Nazirliyinin əməkdaşları qeyd edib. Onlar gəlib suallara cavab verməlidir\”.

Vidadi Zeynalovun bu təklifi ilə bağlı vəkilləri məhkəməyə yazılı vəsatət təqdim edəcəklərini bildiriblər. Digər vəkillər də vəsatətin təmin edilməsini müdafiə ediblər.

Prokuror Fərid Nağıyev isə hazırda digər şahidlərlə bağlı məsələnin tam yekunlaşmadığını bildirərək vəsstətin baxılmamış saxlanmasını istəyib.

Məhkəmə yerində müşavirə edərək vəsatətin hazırkı mərhələdə baxılmamış saxlanıldığını elan edib.

Vidadi Zeynalov buna da etirazını bildirib: \”Bu qədər insanın taleyini necə kənara ata bilərsiz? Mənim Maliyyə Nazirliyinin işçilərinə suallarım var. Ekspertiza yenidən aparılmalıdır. İttihamda yazılan rəqəmlərin necə şişirdildiyi aydınlaşdırılmalıdır\”.

Hakim məhkəmənin Vidadi Zeynalova növbəti dəfə ifadə verməyəcəyi halda onun istintaqdakı ifadəsinin elan edilərək qəbul olunacağını diqqətinə çatdırıb.

Vəkillər məhkəmənin uzadılmasına etiraz ediblər. Onlar bir həftə ərzində cəmi bir şahidin prosesdə iştirakı təmin edildiyini bildiriblər.

\”Bu qədər insan yığılır. 11 təqsirləndirilən şəxs gətirilib. Amma cəmi bir şahid ifadə verir. Bu da məhkəmənin mənasız yerə uzadılmasıdır\”- deyə vəkillər qeyd edib.

Məhkəmə vəkillərin etirazını qəbul etməyib və prosesi fevralın 17-də davam edəcəyini elan edib.

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

İnterpress.az