İnterpress.az xəbər verir ki, müharibə vetereranı, ehtiyatda olan polkonik leytenant Abuzər Əbilov isə milllət vəkili Aqil Abbasa \”Ölkə.Az vasitəsi ilə bəzi sual və iradlarını çatdırıb:
\”Hörmətli Aqil müəllim. Düşünürəm ki, son günlərin daha bir dəbi hamımızı ağuşuna almaqdadır. Bu da vəzifəli şəxslərə “açıq məktub” yazmaq dəbidir. Bəli, uzun zaman özüm də belə açıq-saçıq, üryan məktublar yazmışam. Lakin inandırıram sizi ki, bu məktublar böyük kabinetlərin ikili qapılarından oyana keçə bilmir və keçəndə də adamı çağırıb uşaq kimi əlinə konfet verib, “get həyətdə top-top oyna” deyirlər. Bəli, Şükür Allahın birliyinə ki, Siz bəzi məsələlərdən əl çəkib MÜHARİBƏ ADAMINA da vaxt ayıra bildiniz. Təqdirəlayiqdir. Amma inanın ki, ünvan səhv seçilib. Müdafiə naziri Zakir Həsənovdan əvvəl, bu səlahiyyətlər Arzu Rəhimova verilib. Özünüz də bilirsiniz ki, hörmətli generalımızın şəxsi heyəti üçün bu problemlərlə məşqul olmaq ən həqarətli bir işdir. Nəyə lazım axı bu səngərdə palçıqla, xəstəliklə, yaralarla, ölümlə əlləşənlər? Həvəsə gətirən çağırışçı var, çağırılan var, müxtəlif “problemlər” var.
Ondan əvvəl isə bu sual və təklifləri özünüzə ünvanlayın. Çünki Ali qanunverici orqan olan MM-nin müəyyən komissiyaları var ki, bu məsələləri gündəmə gətirməli və qanun layihəsi hazırlayıb müzakirəyə çıxarmalıdır. Sizin də bir millət vəkili kimi bu problemin vacibliyini MM-də fasilə zamanı çay süfrəsi arxasında hörmətli vəkillərimizə izah etməniz də Sizin torpağı işğalda olan vətəndaş kimi ümdə vəzifənizdir. Bəli, saxta yumurtalar, içkilər, tərəvəzlər kimi veteranlar da ölkəmizə və mənəviyyatımıza ziyandır. Lakin azacıq fikirləşin, həqiqilərin haqqını çoxmu müdafiə eləmisiniz? Bir çağırın Səlim Müslümovu soruşun ki, illər uzunudur veteranların 10 manat “veteran pulunu” məhkəmə qərarı olsa belə niyə vermir? Aqil müəllim, məsələ bilirsiniz də, diqqət məsələsidir. 10 manatla indi heç kim dövlətli olan deyil. Məqsəd veteranların sosial müdafiəsi və onların imtiyazlarıdır. Bunlar olmayandan sonra adi bir kitabçaya ehtiyac yoxdur. Onsuz da müxtəlif kitabçalar heç bir problemi həll etmir. Əvvəli Siz və həmkarlarınızdan başlayaraq bu problemlərin həllinə start verin, sonradan MN və Səfərbərlik xidmətləri strukturlarını bu işə cəlb edin. Mən millət vəkili olmasam da, müxtəlif günün tələbi və ağrılı məsələlərmizlə əlaqədar çox MN və Səfərbərlik xidmətinin qapısını döymüşəm. Amma nə fayda, qapı arxasından ya mənə halva çörək, ya da yumruq göstəriblər. Belə ki, yetimə gəl deyiblər, ancaq “qoğal” arzu olaraq tarixə qovuşub. Amma mübariz olmaq lazımdır. Mən bu məsələlərdə heç kimə güzəştə getməyəcəyimi söz verdiyim kimi, siz də MM-də güzəştə getməyin. Veteranların acınacaqlı vəziyyətini çözək, qalanı bir komissiyanın işidir. Çıxardaq üzə “kartof kisəsi ilə vəsiqə alanları”. Hər bir halda, ikimizə də uğur arzulayıram.
Vətən Sağ Olsun!\”.
İnterpress.az