“Atəşkəs məğlubiyyət deyildi, məcburiyyət idi”backend

“Atəşkəs məğlubiyyət deyildi, məcburiyyət idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanla Ermənistan arasında Bişkek protokolunun imzalanmasından 23 il ötür. Atəşkəsin əldə olunduğu bu illər ərzində 12 mayla bağlı fikirlər hər zaman bir-birindən kəskin şəkildə fərqlənir.

Bəziləri düşünür ki, Bişkek protokolu imzalanmasaydı, Azərbaycan Dağlıq Qarabağı itirməzdi və 1994-cü ilə qədər işğal edilmiş ərazilərini də geri qaytarardı. Atəşkəs əldə olunduğu vaxt müharibədə üstünlüyün Azərbaycan tərəfə keçdiyini və belə şəraitdə ermənilərin can-başla Rusiyanın ölkəmizə təzyiqi ilə bu razılaşmaya getdikləri vurğulanır. Bunun əksini düşünüb, Rusiyanın həmin vaxt Ermənistana dəstəyini artırdığı və belə bir şəraitdə daha ağır vəziyyətə düşməmək üçün Azərbaycanın atəşkəsə razılıq verdiyi qeyd olunur. Ölkəmizin vaxt qazanmaq baxımından başqa bir seçiminin olmadığına görə bu anlaşmaya getməyə məcbur olduğu da səslənən mövqelər sırasındadır.

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, 23 il öncə Azərbaycanın başqa seçimi qalmamışdı: “Həmin dövrdə atəşkəs sazişinin imzalanmasından başqa bir seçim yox idi. Azərbaycanın iqtisadi və hərbi imkanları, eləcə də regiondakı vəziyyət, qüvvələr nisbəti müharibənin davam etdirilməsinə imkan vermirdi. Ərazi baxımından itirdiyimiz nə vardısa atəşkəsədək itirmişdik. Atəşkəsdən sonra isə Azərbaycan ”Əsrin müqaviləsi\”nin imzalanmasına, ölkənin iqtisadi potensialının həmin dövrlə müqayisədə fantastik dərəcədə genişlənməsinə səbəb olan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və digər layihələrin həyata keçirilməsinə zəmin yaratdı. Azərbaycan beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin qovşağına çevrildi və ölkənin geosiyasi əhəmiyyəti artdı. 23 il ərzində qazandığımız iqtisadi və hərbi güc, itirdiyimiz isə vaxt oldu. Siyasətdə və müharibədə romantika yalnız real mübarizə və döyüş öncəsi olur. Mən zərrə qədər də şübhə etmirəm ki, əgər həmin dövrdə torpaqlarımızı işğaldan azad etmək mümkün olsaydı, siyasi hakimiyyət bunu mütləq edərdi. Heydər Əliyevin xarakteri və təcrübəsi imkan verməzdi ki, o, mümkün olanı etməsin. Həmin dövrdə müharibənin davam etdirilməsinin mümkünsüzlüyünü sübuta yetirmək üçün 1994-cü ilin dövlət büdcəsinə nəzər salmaq kifayətdir. Həmin dövrdə ölkənin büdcəsi təxminən 395.347 milyon (denaminasiyadan sonra 79 milyon) manat təşkil edirdi. Bu büdcə ilə nə ordu qurmaq, nə silah almaq mümkün deyildi\”.

Politoloq atəşkəsi bütün hallarda uğur kimi qələmə verməyin tam əleyhinədir: “Bütün hallarda atəşkəs imzalanacaqdır. Çünki bu, təkcə bizim iradəmizdən asılı deyildi. Müharibənin içində olan bir ölkəyə kim investisiya yatırardı, hansı neft şirkəti Azərbaycanla müqavilə imzalayardı? Digər tərəfdən, Ermənistan tərəfindən Azərbaycanla müharibədə peşəkar rus hərbçiləri iştirak edirdilər. Həmin dövrdə hətta qardaş Türkiyə belə Azərbaycana hər hansı formada dəstək verə bilmirdi. Gəlişigözəl bəyanatlar səsləndirilirdi, amma bir qrup fədakar qardaşlarımızın köməyi istisna olmaqla, dövlət səviyyəsində real dəstək yox idi. Regionun digər dövləti – İran isə ermənilərin yanında yer almışdı… Bütün bunlar gözümüzün qarşısında baş verib və unutmamalıyıq.

Vaxt isə çox uzandı. Təbii ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Hər kəsin bildiyi həqiqətləri yenidən təkrarlamaq istəmirəm. Bu vaxt ərzində bütün digər sahələrin inkişafına zəmin yarada biləcək daha yaxşı iqtisadi nəticələr əldə edə bilərdikmi? Şübhəsiz ki, edə bilərdik. Hər zaman daha yaxşısını əldə etmək üçün imkanlar olur. Amma dövrün reallığı, bir millət olaraq potensialımız nəyə imkan verirdisə, onu da etmişik. Torpaqları işğal altında olan bir ölkə üçün atəşkəs uğur sayıla bilməz. Atəşkəs məğlubiyyət deyildi, məcburiyyət idi. Biz iki pisdən ən yaxşısını seçmək məcburiyyətində qalmışdıq”. (musavat)

İnterpress.az