Fərhad Əliyev müxalifətə keçsəydi…backend

Fərhad Əliyev müxalifətə keçsəydi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günlər öncə ölkəyə qayıtdığı barədə xəbərlər yayılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev ətrafında müzakirələr səngimək bilmir. Sabiq nazirin müxalifətlə yenidən təmasa keçib-keçməyəcəyi ilə bağlı fikirlər gündəmdə özünə yer tutub. Siyasi şərhçilərə görə, F.Əliyev müxalifətlə yaxınlaşarsa, iqtidara ciddi problem yarada bilər.

Düzdür, onun yenidən bu qədər siyasi risk alacağı inandırıcı görünmür. Çünki keçmiş komandası tərəfindən “bağışlanan” sabiq dövlət məmuruna biznes qurmaq üçün şərait yaradılıb. Belə bir şəraitdə ciddi böhran yaşayan ölkə müxalifətinə Əliyevin yaxınlaşma ehtimalı sıfıra bərabər görünür.

Yada salaq ki, vaxtilə F.Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Cəmil Həsənli olub. İndinin özündə də sabiq nazirin hələ Milli Şura rəhbəri ilə əlaqələrinin qaldığı deyilir…

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev sabiq nazirin müxalifətlə təmaslarını mümkün sayır: “Fərhad Əliyevin Azərbaycanın iqtisadi mühitinə dönüşü sıradan olan hadisə deyil. Məhz indiki iqtidarın idarəçiliyinə asilik etmiş birisi, mülkiyyətinin əsas hissəsi əlindən alınmış cavan və ambisioz şəxsdir. Eyni zamanda Əliyev qardaşları aldıqları zərbədə günahkar bildikləri, bu illər ərzində xeyli möhkəmlənmiş fövqəlgücə malik siyasi isteblişmentin nümayəndələri ilə də gərgin keçmiş və indinin içindədirlər. İnanmıram ki, bu şəxslər siyasi xacədirlər. Onlar kapitalın siyasi hakimiyyətlə hansı sürətlə toplanma yolunu unuda bilməz, dadında isə yadırğamaları mümkünsüzdür. Bu baxımdan, onların kapitalla ölkəyə qayıdışı ciddi siqnaldır. Ola da bilər ki, prezident Əliyev onlara icazəni də elə hakimiyyətdaxili qruplara mesaj ötürmək üçün verib. Oliqarxların şəffaf siyasi fəaliyyətə transferinə gəldikdə isə bu hadisə bizim kimi ölkələrdə normal praktikadır. Fikrimcə, 2005-ci ildə bunun üçün beynəlxalq zəmin də mövcud idi. Yeri gəlmişkən, həmin ildə Fərhad Əliyevin ABŞ səfirinin evində qəbul zamanı xanım Olbraytın və Ağ Evin seçki emissarı Dobryanskaya ilə münasibətlərinin hərarətinin canlı şahidi olmuşam. Əlbəttə ki, həmin dövrdə, yəni 2005-ci ilin yayında həm Fərhad Əliyev, həm də Əli İnsanov istefa verib, müxalifətə keçdiklərini rəsmən bəyan edib, siyasi müqavimətə başlasa idilər, proseslərin fərqli yön alacağını düşünmək olardı.

O dövrdə gözlənilməzlik amili rol oynaya bilərdi. Məsələlərin ölgün və iradəsiz gedişatında Moskvanın qətiyyətli Ruşaylo əməliyyatının və bugünkü reallığın şahidi olduq. Qəti qərarlar siyasi uğurun rəhnidir. Təəssüf ki, o günlərdə 2 nazir bunu etmədi. Gələcəkdə də siyasi dəyişikliyin yollarından biri, bəlkə də birincisi Azərbaycan oliqarxiyasının proseslərə fəal qatılmasından keçir. Müxalifətin bu taktikasında qeyri-adi nə isə axtarmaq yanlışdır. Oliqarxiyanın da belə qərarı olacaqsa, bu, kapitalın ”yuyulmasının\” ən düzgün yoludur. Əgər yaxın gələcəkdə, yaxud nə vaxtsa, belə transferlər olacaqsa, bunu yalnız alqışlamaq olar. Belə ittifaq, yəni müxalifət və oliqarxiya tandemi ölkəni xilas etmək gücündədir. Etiraf edim ki, vəziyyətdən çıxmağın fərqli yolları da var\”.

ADP sədri Sərdar Cəlaloğlu F.Əliyevin müxalifətə gəlişinin mümkünsüz olduğunu düşünür: “Onu mən heç vaxt müdafiə etməmişəm. Sadəcə, hüquqlarını müdafiə etmişik. Onun kimi şəxslərin xalqa və dövlətə xeyir verəcəyinə heç zaman inanmamışam. Çünki bu tipli şəxslərin əldə etdikləri yüksək gəlirlər öz qabiliyyətlərinin nəticəsində olmayıb. Bundan əvvəlki Fərhad Əliyev və ailəsinin hansı vəziyyətdə olduğunu hamımız bilirik. Əgər indiki iqtidar onu bu vəzifəyə gətirməsəydi, nəinki biznes, kəndlərində belə 2 hektarlıq ərazi əkib-becərmək qabiliyyətinə malik deyildi. Onun qabiliyyəti hakimiyyətdə təmsil olunması ilə bağlıdır. Sonradan yüksək gəlir əldə etdi və bu da onda hakimiyyət hərisliyi yaratdı. Bunu hakimiyyətə gətirən şəxslərin onun nökəri olmalarını daha çox istədi. Nəticədə məlum həbs baş verdi. Onun xalqa vurduğu zərbə hamıya məlumdur. Həbsdən çıxandan sonra onu müdafiə edənlərlə əlaqə qurmaması, hakimiyyət barədə bir fikir belə bildirməməsi onu göstərir ki, belə şəxslər xalqa xeyir verə bilməzlər. İndi hökumət qarşısında yanlışlığını görür və çalışır ki, itirdiklərinin bir hissəsini geri qaytarsın. Xalqı düşünən olsaydı, nazir olmaq təklifini qəbul etməzdi. 1993-cü ildə bizə belə təkliflər oldu və imtina etdik. Çünki bu iqtidarla xalqa xidmət etməyin mümkünsüz olduğunu görürdük. Ona görə də vaxtilə hakimiyyətdə yüksək post tutmuş şəxslərin sonradan müxalifətçilik edib, xalqı düşünəcəyinə ümid etmək sadəlövhlükdən başqa bir şey deyil”.

İnterpress.az