İnterpress.az məlumat verir ki, yığıncaqdan sonra İK-nın üzvü, Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil edilib.
– İlk yoxlama görüşü Gürcüstanla olacaq. Bu simvolikdi, yoxsa təsadüf?
– İlk yoxlama görüşümüz Gürcüstanla razılaşdırılıb. Amma ola bilər ki, Antalyada bundan əvvəl başqa komanda ilə qarşılaşaq.
– Yoxlama oyunlarının Bakıda kənarda keçirilməsini istərdinizmi?
– Rayonlardakı stadionlara baxmaq lazımdı. O bölgələrdə futbol olması üçün çalışmalıyıq. Ondan sonra bu barədə düşünmək olar. Bu, gələcəyin işidi.
– Millətlər Liqasına kimi neçə yoxlama görüşü nəzərdə tutulub?
– Çox istərdim ki, oyunların sayı çox olsun. Mart və may ayına da toplanış planlaşdırılıb. Komanda tapmaq çətindi. Çalışacağıq ki, oyunların sayı çox olsun.
– Siz də milliləşdirmə siyasətini davam etdirəcəksiniz?
– Futbolda mütləq ən yaxşısını axtarmalıyıq. Öz futbolçularımız varsa, bundan maksimum istifadə edəcəyik.
– Millilərin məşqçilərini məsləhət görərkən hansı keyfiyyətlərə önəm verdiniz?
– Çətinlik çəkdik. Rəşaddan başlayım. Mənim futbol fəlsəfəmi yaxşı bilir. Gənclərə üstünlük verməyimizin səbəbi odu ki, hər birinin potensialını bilirik. Ola bilər ki, ağır, çətin olsun. Onların hər biri bu yaxınlarda PRO kateqoriyasını alacaq. Zaur Həşimov mənim yanımda çox olub. Vüqar Məmmədovun millilərdə təcrübəsi var.
– Millinin əvvəlki heyətində çox dəyişiklik olacaq?
– Hər bir futbolçunun milliyə düşmək şansı olacaq. Rəqibdən asılı olaraq, dəyişikliklər ola bilər. Bəlkə də, hər oyunda 4-5 dəyişiklik edildi. Köhnələrdən 4-5 nəfər də çağırılmaya bilər.
– Daha bir neçə köməkçiniz ola bilərmi?
– Bəli, 1 və ya 2 yeni köməkçi də ola bilər.
– Futbolçu seçimi zamanı onun hansı çempionatda oynamasına fərq qoyacaqsınız?
– Təəssüf ki, bəzi futbolçularımız klublarında əsas heyətdə oynamırlar. Yeni adlar görə bilərsiniz.
– “Kukesi” klubundan ayrılan Rauf Əliyevin 3-cü komandada oynaması üçün FİFA-ya müraciət etmək fikriniz varmı?
– Mənə aid olmayan məsələdi. Rauf “Keşlə”də oynaya bilər. Açığı, Raufun belə duruma düşməsinə çox üzüldüm.
İnterpress.az