Emin Musəvi: “Missiyamızın öhdəsindən gəlmişik”backend

Emin Musəvi: “Missiyamızın öhdəsindən gəlmişik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu 2 yaşını qeyd edən ASAN Radionun direktoru Emin Musəvi radionun fəaliyyəti haqda danışarkən Lent.az-a deyib. Onun sözlərinə görə, ASAN Radionun xüsusi formatı və missiyası var:

– ASAN Radio dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında yaradılıb. Radionun yaradılmasında məqsəd vətəndaşlar üçün faydalı olmaq, xidmətlərlə bağlı informasiyanı çatdırmaqdır. Biz həm də maarifləndirici radio kimi fəaliyyət göstəririk. ASAN Radio sosial mediada fəallığı ilə seçilir və internet üzərindən canlı efirlər, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir. ASAN Radio həm də gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri burada təcrübə keçir. ASAN Radio hər zaman dinləyicisinə zövqlü milli və dünya musiqiləri təqdim edir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir, həm də bir sıra irimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. Düşünürəm, 2 il ərzində öhdəmizə götürdüyümüz missiyanın öhdəsindən gələ bilmişik. Amma informasiyanı artırmalı, ən vacib sahələrlə bağlı məlumatı ötürməliyik. Bu gün FM dalğasında 13 ümumrespublika radio var. Seçim çoxdur. ASAN Radionun formatı fərqlidir deyə biz çalışırıq ki, keyfiyyətli iş görək. Məlumatlar dəqiq olsun, operativliyə fikir veririk, amma bizim üçün ən vacibi məlumatın dəqiq olmasıdır. İnformasiyanı yoxlayıb, sonra dinləyiciyə ötürürük. İlyarım-iki il ərzində radionun qonaqları nazirlər, qurum rəhbərləri olub. İnformasiyanı birinci əldən almaq, nazir, qurum rəhbəri ilə birbaşa ünsiyyət qurmaq, bu və digər aspektlər çoxdur. İstənilən işdə detallar çox vacibdir. Məsələn, həkimin işində də detal çox vacibdir. Heç bir səhvə yol vermək olmaz. Bizdə də elədir. Media çox məsuliyyətli sahədir. Biz çalışdıq detallara fikir verək. Cəmiyyətdə ciddi veriliş izlənilmir deyə yanlış fikirlər var. Ağıllı tamaşaçı, dinləyici maariflənmək istəyir. Öz üzərində işləyən insan yeni və faydalı informasiya əldə etmək istəyir. Hər şeyi təkmilləşdirmək lazımdır. İnsan günbəgün daha güclü, daha savadlı, daha sağlam olmağa çalışmalıdır.

Radionun rəhbəri onu da qeyd edib ki, ASAN Radio 2 il ərzində bir çox yeniliklərə imza atıb.

– Müqayisə etsək, bizdə verilişlərin sayı digər radiolara nisbətən çoxdur. Rubrikalar, xüsusi buraxılışlar, sual-cavablar, qısa reportajlar, xüsusi müsahibələr və s. Ölkəmizin sosial-ictimai həyatında xidmətlərlə bağlı yeniliklər olanda biz fəal olmağa çalışırıq. Yeniliklər haqda mütəxəssisləri danışdırırıq. Əsas odur ki, biz bunu maraqlı formatda etməyi bacardıq. Məşhur deyimdəki kimi, velosiped icad olunub. Ona görə də, mövcud metodlardan istifadə etmək lazımdır. Öndə gedən KİV-lərdən öyrənməyə çalışdıq. Yeni tendensiyalara fikir verdik. Eyni zamanda, tək Azərbaycanla kifayətlənmədik. Beynəlxalq təcrübəmiz var. Qısa müddət ərzində bir sıra beynəlxalq təşkilatların etimadını qazandıq. Bu gün “British Counsil”la bizim layihəmiz var. “TRT” ilə radio körpülərimiz var. TRT FM dalğası vasitəsi ilə həftədə bir dəfə Türkiyədə ASAN Radionu eşidirlər. Bundan başqa, ASAN Radioda Avropa İttifaqının dəstəyi, ADA Universitetinin bələdçiliyi ilə “AvropadASAN” adlı veriliş yayımlanır. Mədəniyyət sahəsində “YARAT” Müasir İncəsənət Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi ilə işləyirik. “Soyuq əllər, isti ürəklər” yeni illə bağlı sosial aksiyanı informasiya baxımından dəstəkləyirik. Çalışacağıq ki, bu ənənə davam etsin. Yeni ildə bir sıra yeni layihələr var. İstər xidmətlər, istərsə də maarifləndirici. Çalışacağıq ki, daha məlumatlı olaq. Özümüzü də dinləyicilər sırasında görürük. Biz özümüz də bu məlumatlardan faydalanırıq. Çalışacağıq ki, daha işgüzar, sağlam və mütərəqqi olaq. Dünyada olan tendensiyadan xəbər verək.

– Yaxın gələcəkdə yeni səslər gözlənilir?

– ASAN Radioda 5-6 əsas səs var. Kəmalə, Sənan, xəbərlərdə Günay, İlkin, Emin və b. Arada Zaur da efirə çıxır. Bunlar prioritet səslərdir. Bu da normaldır. Sonra Cəlalə var. Nitq mədəniyyətindən dərs deyir.

Qeyd edək ki, ASAN Radio Bakı və Abşeron yarımadası, Sumqayıtda 100 FM-də, Cənub və Aran bölgəsində – Lerik, Lənkəran, Masallı, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Sabirabad, İmişli rayonlarında 92.7 FM-də, Gəncə, Yevlax, Mingəçevir, Ucar, Naftalan, Goranboy, Qəbələ və digər iri şəhər və rayonlarda 96.5 FM-də yayımlanır.

Dekabrın 23-də ASAN Radionun 2 yaşı münasibətilə “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının səhnəsində “2 il Sizinlə” adlı möhtəşəm konsert proqramı keçiriləcək. Konsert dekabrın 23-ü saat 16:00-da başlayacaq.

Bundan başqa, Həmrəylik nümayiş etdirib Yeni ili, həmçinin, ASAN xidmətin 5, ASAN Radionun isə 2 yaşı “Quba ASAN həyat kompleksi”ndə möhtəşəm konsertlə qeyd olunacaq. Röya dekabrın 29-u saat 16:00-da Qubada “ASAN-la röyalarınızı gerçəkləşdirəcək!”

İnterpress.az