Bakıda təşkil olunan “Regionun gələcəyi: geopolitik çağırışlar və perspektivlər” adlı Beynəlxalq Simpoziumun birinci paneli başa çatdı.
İnterpress.az xəbər verir ki, telejurnalist Anar Yusifoğlunun moderator olduğu paneldə Rusiyalı jurnalist, tədqiqatçı-türkoloq İvan Starodubtsev, Qazaxıstan Türkdilli jurnalistlər Fondunun sədri Naziya Bissenova, Türkiyə İqtisad Universiteti, Türk Dünyası idarəçilik fakültəsinin dekanı Fərrux Tuzcuoğlu, azərbaycanlı politoloqlar Elxan Şahinoğlu və İlqar Vəlizadə, Şimali Kipr “Global Career” İnstitutunun direktoru, Azərbaycan-Kipr dostluq cəmiyyətinin sədri Orxan Həsənoğlu iştirak ediblər.
Paneldə ilk çıxış edən İvan Starodubtsev əsasən, Türkiyə-Rusiya münasibətlərinin mövcud vəziyyətini ətraflı təhlil edib. O, iki ölkə arasında əlaqələrin genişləndirilməsi istiqamətində davamlı addımlar atıldığını vurğulayıb. Onun fikrincə, Türkiyə-Rusiya münasibətlərinin inkişafı bu dövlətlərlə sıx münasibətləri olan Azrbaycanın da maraqlarına uyğundur.
Politoloq İlqar Vəlizadə öz çıxışında diqqəti regionda cərəyan edən proseslərə və bölgənin əsas dövlətlərinin yürütdüyü siyasətə yönəldib. Politoloqun fikrincə, hazırda regionda əməkdaşlıq üçün ciddi zəmin var və region dövlətlərinin bu imkanlardan yararlanması lazımdır.
Orxan Həsənoğlu öz çıxışını əsasən, Türk dövlətləri arasında təhsil sahəsində əməkdaşlıq məsələlərinə həsr edərək, bu dövlətlər arasında birgə universitetlərin yaradılmasının zəruriliyini vurğulayıb. Həsənoğlu ortaq türk dilinin formalaşdırılması istiqamətində ciddi addımlar atmağa çağırıb.
Panelin sonunda natiqlərə xatirə plaketləri verildi.
İnterpress.az