İnterpress.az xəbər verir ki, bu sözləri \”Şərq” qəzetinə açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib. S.Verdizadə bildirib ki, əsl jurnalist gərək peşəkarlığa kölgə salmasın: \”Jurnalist yazdığı kimi, pozmağı da bacarmalıdır. Birdəfəlik bu meyarı qəbul etməliyik ki, bizim yazdıqlarımız \”Quran” ayəsi deyil. Səhv də yaza bilərik. Kiminsə barəsində yanlış, əsassız informasiya yaya da bilərik. Belə olduğu təqdirdə, jurnalist üzr istəyib, yazdığını pozmağı da bacarmalıdır. Jurnalist etikası, jurnalistikanın pozulmayan qanunu budur. Bilirsiz, səhvlərə yol verilməsi həm də nədən qaynaqlanır? Çünki əksər halda jurnalistlər yazdıqlarını özləri oxumur”.
S.Verdizadə deyib ki, problemin yaranmasının bir səbəbi də jurnalistikada bu sahəyə aidiyyəti olmayanların sayının getdikcə artmasıdır: \”Mən diqqət etmişəm, başqa sahədə uğur qazana bilməyənlər jurnalistikaya gəlir. Amma həqiqi jurnalistlər, bu sahənin qanunlarını bilənlər və öz peşəsinə sədaqətlə yanaşanlar məsuliyyəti üzərlərinə götürsələr, hər yoldan ötən gəlib jurnalistikada at oynada bilməz. Azərbaycan ərazi baxımından kiçik dövlətdir. Bu ölkədə 100-lərlə sayta nə ehtiyac var?! Ciddi, işinin öhdəsindən gələn, yüngül, şou xəbərlərin ardınca qaçmayan, xəbər yayımında məsuliyyəti anlayanlar qalmalıdır meydanda. O zaman biz də arxayın olarıq, jurnalistikamızın etibarlı əllərə həvalə edildiyinə əmin olarıq”.
İnterpress.az