İnterpress.az Musavat.com-a istinadən xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baxılıb. Məhkəmədə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihamda yazılır ki, Habil Vəliyev zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyərək, onlardan külli miqdarda pul tələb edib. Məlumata görə, H.Vəliyev Günəşli qəsəbəsindəki “Araz” kafesinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə “rüsvayedici məlumatlar” yayacağı ilə hədələyərək, obyektin sahibi Habil Hüseynovdan 2007-ci ildən etibarən aylıq 200 manat haqq alıb. Daha sonra aylıq haqqı artırıb və 2016-cı ilədək H.Hüseynovun cəmi 30 min manatını ələ keçirib.
Məlumata görə, Habil Vəliyev Neftçala rayon Maliyyə İdarəsinin rəisi Rəşid Mənəfovu da rəhbərlik etdiyi idarədə qanunsuzluqların baş verməsi, rayon ərazisində fəaliyyət göstərən müxtəlif dövlət təşkilatlarına ayrılmış pul vəsaitlərinin mənimsənilməsinə dair məlumatlar, həmçinin şəxsi nüfuzuna və işgüzar fəaliyyətinə xələl gətirəcək rüsvayedici məlumatlar yaymaqla hədələyib. Bu yolla məmurdan xeyli pul alıb.
Cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, Vəliyev Habil Allahverdi oğlu qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq, əmlak əldə etmək məqsədi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə təkrar olaraq, Məmmədov Fuad Bayram oğlu, Sadıqov Tofiq Musa oğlu, Mənəfov Rəşid Qəzənfər oğlu, Məlikova Xəyalə Tahir qızının əmlakını, Həsənov Xəyyam Əyyam oğlu, Musayev Nofəl Natiq oğlu, Quliyev Ramil Məhərrəm oğlu, Rəsulov Rafiq Ağamirzə oğlunun xeyli miqdarda əmlakını, eləcə də Cəbrayılov Ramiz Məhərrəm oğlu, İbrahimov Hatəm Namiq oğlu, Hüseynov Habil Kamil oğlu və Bağırov Rasim Yaşar oğlunun külli miqdarda əmlakını qəsdən tamah məqsədi ilə hədə-qorxu ilə tələb etmişdir.
İttihama münasibət bildirən Habil Vəliyev özünü təqsirli bilmədiyini deyib: \”Elə bil ki, əxlaqsız yuvalarının müdafiə komitəsi yaradılıb\”.
Prosesin davamında məlum olub ki, prosesdə zərərçəkmiş şəxslər iştirak etmir. Habil Vəliyevin vəkilləri vəsatət verərək təqsirləndirilən şəxsin zərərçəkmişlərdən sonra dindirilməsini istəyiblər. Vəsatat təmin edilib. Prosesin davamında zərərçəkmişlərdən Asif Bağırovun nümayəndəsi Elxan Quliyev bildirib ki, dəymiş ziyan ödəndiyindən şikayət və tələbləri yoxdur. Zərərçəkmiş Ramiz Cəbrayılov da dəymiş ziyanın ödənildiyini qeyd edib.
Məhkəmədə DTX-nın İstintaq Təcridxanasından hakimə göndərilən məktub elan edilib. Bildirilib ki, məktubda DTX-nın təcridxanasında yer olmadığından Habil Vəliyevin Penitensiar Xidmətin İstintaq Təcridxanasını köçürülməsini xahiş edilir. Vəkilləri də Habil Vəliyevin Penitensiar Xidmətə köçürülməsini istəyiblər.
Müşavirədən sonra məhkəmə qərar elan edib ki, Habil Vəliyev DTX-dan Penitensiar Xidmətin təcridxanasına köçürülsün.
Növbəti məhkəmə prosesi yanvarın 9-na təyin edilib.
Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib, bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.
İnterpress.az