\”Milli Məclis tərəfindən amnistiya aktının qəbul olunacağını istisna etmirəm”.
Bu sözləri \”Sherg.az”a Azərbaycan Prezidentinin 2018-ci ili \”Cümhuriyyət ili” elan etməsi səbəbiylə yaxın aylarda amnistiya veriləcəyinə dair məlumatlara münasibət bildirərkən Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib.
O vurğulayıb ki, belə böyük tarixlərdə hər zaman bir qayda olaraq amnistiya qəbul olunur:
\”Eyni zamanda bu amnistiya Cümhuriyyətin 100 illiyini nəzərə alaraq, daha geniş şəkildə həyata keçirilə bilər.
Bu və ya digər formada müxtəlif maddələrə amnistiya şamil olunması mümkündür. İstənilən halda yekun qərarı Milli Məclis verəcək.
Birinci vitse-prezident Mehriban Əliyeva hələ Milli Məclisin deputatı olarkən, dəfələrlə amnistiya təşəbbüsü ilə çıxış edib. Onun təşəbbüsü nəticəsində 10 minlərlə insan cəzadan azad edilib. Ona görə, bu il üçün də amnistiya aktının qəbul edilməsini arzu edərdik”.
Qeyd edək ki, hüquq müdafiəçiləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı amnistiya olacağına şübhə etmirlər.
İnterpress.az