Seçkiyə görə fikir ayrılığı yarandı – VİP-də qalmaqalbackend

Seçkiyə görə fikir ayrılığı yarandı – VİP-də qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AzNews.az-a istinadən xəbər verir ki, fevralın 11-də Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keçirilib. İclasda VİP-in bu il aprelin 11-nə təyin edilmiş Prezident seçkilərində iştirak məsələsi müzakirə olunub. Müzakirələrin əvvəlində VİP-in 2017-ci il mayın 28-də keçirilmiş IV Qurultayında partiyanın sədri Əli Əliyevin prezidentliyə namizədliyinin elan olunduğu bildirilərək, 11 aprel seçkilərində iştirak etmək və ya etməmək haqqında qərar vermək səlahiyyətinin Məclisə aid olduğu diqqətə çatdırılıb.

Çıxış edən Məclis üzvlərinin bir qismi Əli Əliyevin namizədliyinin artıq elan olunduğunu və cəmiyyətə bununla bağlı qəti mesajlar verildiyini əsas götürərək, 11 aprel seçkilərinə qatılmağın zəruriliyini vurğulayıblar. Bununla belə, Məclisin bir sıra üzvləri müəyyən məsələləri əsas gətirərək, partiyanı seçkilərdə iştirak etməməyə çağırıblar. İclasda, seçkidə iştirak və boykot tərəfdarlarına öz mövqelərini daha dərindən əsaslandırmaq üçün əlavə çıxışlara şərait yaradılsa da, 11 aprel seçkilərinə münasibətdə konsensusun əldə edilməsi mümkün olmayıb.

Tərəflərin öz mövqelərində qəti dayandıqlarını və VİP sədri Əli Əliyevin hazırda ölkə xaricində olduğunu nəzərə alan Məclis üzvləri iclasın fevralın 18-də davam etdirilməsini məqbul sayıblar.

İnterpress.az