İnterpress.az xəbər verir ki, 51 yaşlı azərbaycanlı qadının saxlanılmasına səbəb barəsində həbs qərarının çıxarılması olub. Belə ki, o, 2016-ci ilin yanvar ayından sentyabr ayına kimi 7 azərbaycanlı ailəni qeyri-qanuni şəkildə Almaniyaya gətirib.
Mühacir alveri ilə məşğul olan qadın azərbaycanlı ailələrin Almaniyaya gətirilməsi üçün onlardan 32 min avro alıb. Polisdən verilən məlumata görə, saxlanılan qadın Göttingen şəhərində qeydiyyatdadır və orda yaşayır. O, Azərbaycandakı səyahət agentliyi ilə işbirliyi edərək Almaniyaya gəlmək istəyənlər üçün Çexiya vizası alırmış. Çexiyaya gələn azərbaycanlılar ordan da Almaniyaya keçirmişlər.
Araşdırmalar zamanı məlum olub ki, vizaların çoxu azərbaycanlı ailələrə Avropada toy mərasimlərində iştirak etmələri üçün verilib. Praqaya viza alan azərbaycanlılar Budapeştdən Dortmunta uçurmuşlar. Qadın tərəfindən pasportları əlindən alınanlar Bilefeld şəhərində qaçqın qəbul etmə məntəqəsinə təhvil verilirmişlər.
Qadının yaşadığı evdə alman polisi azərbaycanlılara məxsus xarici pasport, sürücülük vəziqəsi və şəxsiyyət vəsiqəsi olmaqla 54 ədəd sənəd tapıb.
İnterpress.az-ın əldə etdiyi məlumatda isə deyilir ki, saxlanılan 51 yaşlı azəbaycanlı qadın paralel olaraq həm də diaspora fəaliyyəti ilə də məşğul olurmuş.
İnterpress.az