İnterpress.az xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub.
Məhkəmə prosesində şahidlər ifadə verib. Şahid Yaqub Əliosmanov deyib ki, təqsirləndirilən şəxsləri tanımır.
O, 2012-ci ildə uşağını \”Leyla Şıxlinskaya\” klinikasında əməliyyat etdirdiyini söyləyib: \”Deyəsən ödənişi 500 manata yaxın etdim. Müddət keçdiyi üçün elə də yadımda deyil\”.
Maqsim Qafanov da şahid qismində ifadə verib. O, dindirilən zaman bildirib ki, qızı həmin klinikada əməliyyat olunub: \”Amma ödəniş yadımda qalmayıb\”.
Daha sonra şahid Zaur Əsgərov ifadə verib. Söyləyib ki, \”Leyla Şıxlinskaya\” klinikasında həyat yoldaşı ilə bağlı qeysəriyyə əməliyyatı keçirilib, ora isə 1500 manat pul ödəyib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər arasında klinikanın baş mühasibi olmuş Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsüyeva, Yelena Abdullayevadır.
Onların hər biri barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər Leyla Şıxlinskayanı, klinikanın təsisçisi isə keçmiş işçilərini ittiham edir.
Klinikanın fəaliyyəti ilə əlaqədar açılan cinayət işi ilə bağlı məlum olan budur ki, adıçəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmişdi.
Bu ittihamı da Leyla Şıxlinskaya rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşına qarşı irəli sürmüşdü.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilirlər. (musavat)
İnterpress.az