İnterpress.az xəbər verir ki, jurnalist atasının avtomobillə vurularaq öldürülməsi faktına görə Nərimanov Rayon Polis İdarəsində açılan cinayət işi üzrə istintaqın mərhum müstəntiq Cavid Mirzəli tərəfindən aparıldığını bildirib: “Mən onu tanıyanda bir neçə ay idi müstəntiq işləyirdi. Cinayət işi üzrə istintaqa başlayandan qısa müddət sonra Cavid yıxılmışdı, qolu sınmışdı. Ona görə də məzuniyyətə çıxmışdı, ərizə yazıb atamın avtomobillə vurulması faktına görə açılan cinayət işinin istintaqını başqa müstəntiqə tapşırılmasını xahiş etmişdi. İşə qayıdandan sonra cinayət işini yenidən özü araşdırmağa başladı. Ünsiyyətimiz 2 ilə yaxın müddət ərzində davam etdi. Cavid Mirzəli Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdi, daxili işlər naziri, general-polkovnik Ramil Usubov ona vaxtından əvvəl polis baş leytenantı rütbəsi vermişdi. O, akademiyanın 2015-ci il buraxılışında vaxtından əvvəl baş leytenant rütbəsi alan iki kursantdan biri idi.
Nazir onun təyinatını Daxili İşlər Nazirliyinin səhv etmirəmsə, İnsan alverinə qarşı mübarizə idarəsinə vermək istəsə də Cavid Mirzəlinin istintaqda işləmək istəyini nəzərə almışdı və Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi təyin etmişdi. O, savadlı müstəntiq idi. Bir də görürdün saçı-saqqalı ağarmış mayor, kapitan rütbəli müstəntiqlər qoltuqlarında kağız qovluq təntimiş şəkildə Cavidin otağına girdilər. Onlar ya cinayət qanunvericiliyində edilən hansısa dəyişikliyi, ya da dolaşığa düşmüş hansısa məsələni necə həll etməyi soruşurdular. Cavid də deyirdi ki, maddənin filan bəndini dəyiş, məcəllənin filan maddəsini tətbiq elə, filan sənədi də işə əlavə et, yaxud filan ekspertizanı keçir, sonra işi məhkəməyə göndər. İstənilən halda bir çıxış yolu göstərirdi.
Atam Əli Əliyevin avtomobillə vurularaq öldürülməsi faktına görə aparılan araşdırmadan və istintaqın yekunlarından tam razı deyildim. Bunu Cavid Mirzəlinin özünə də deyirdim. Onu də hiss edirdim ki, o, bu işin istintaqını ona verilən imkan daxilində obyektiv aparır. Amma atamın ölümünə görə açılan cinayət işinin istintaqını necə aparmasının məsələyə aidiyyatı yoxdu. Cavid savadlı müstəntiq, mədəniyyətli oğlan idi. Gənc və savadlı bir Azərbaycan gəncinin belə vaxtsız və faciəli şəkildə ölümü ağırdı.
\”Bilirsiniz, İmdad müəllim…\”
Bilirsən, Cavid həyat belə amansızdı…
Allah rəhmət eləsin, məkanı cənnət olsun. Tanrı yaxınlarına səbir versin!”
Qeyd edək ki, martın 10-da 25 yaşlı Mirzəli Cavid Ədalət oğlu küçə ilə hərəkət edərkən yıxılıb. Nəticədə onun başı səki daşına dəyib və o, vəfat edib.
Mərhum doğulduğu Biləsuvar rayonunun Çaylı kəndində dəfn edilib.
İnterpress.az