Müsavat MSK-nın qərarına dair açıqlama yaydıbackend

Müsavat MSK-nın qərarına dair açıqlama yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Açıqlamanın mətnində bildirilir:

\”Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər prosesində qanunazidd qərarlar qəbul etməkdə davam edir. Dairə seçki komissiyalarının qanunazidd hərəkətlərinə qanuni don geydirməklə məşğul olur.

Müsavat Partiyası Divanının 28 oktyabr 2015-ci il tarixdə keçirilən növbədənkənar iclasında Müsavat Partiyasının 1 noyabr 2015-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərdə iştirakını dayandırması haqqında qərarına uyğun olaraq Müsavat Partiyası adından namizədliyi irəli sürülən və qeydə alınan namizədlərin onları qeydə alan müvafiq seçki dairələrinin dairə seçki komissiyalarına seçkilərdə iştirakının dayandırdıqlarını bildirən və buna görə də adlarının seçki bülletenindən pozulmasını istəmələri haqqında təqdim etdikləri ərizələrin DSK-lar tərəfindən qəbul edilməməsi barəsində Mərkəzi Seçki Komissiyasına müraciəti nəinki qanunauyğun şəkildə həll olunmayıb, əksinə MSK dairə seçki komissiyalarının qanunazidd hərəkətlərinə haqq qazandıran qərar qəbul edib.

Bununla da dairə seçki komissiyalarının “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunu, “Kərgüzarlıq fəaliyyətinin təkmilləşdirilməsi haqqında”Azərbaycan Respublikası prezidentinin fərmanını və “Vətəndaşların şikayət və müraciətlərinə baxılması haqqında” Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi Təlimata əməl etməmələri MSK-nın məlum qərarı ilə mükafatlandırılıb.

Müsavat Partiyasının müraciətinin əsassız olduğundan təmin edilməməsi haqqında MSK-nın qərarı Seçki Məcəlləsinin 154.1-ci maddəsinə əsaslanaraq verilib. Bu maddədə göstərilir ki, “siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir”.

Belə ki, Seçki Məcəlləsinin 73-1.1. maddəsində “İrəli sürülmüş namizəd müvafiq seçki komissiyasını yazılı şəkildə xəbərdar edərək namizəd olmağa razılığı barədə ərizəsini istənilən vaxt geri götürə bilər. Bu cür yazılı xəbərdarlıq geri götürülmür”. Təkcə bu iki maddənin müqayisəsi onu göstərir ki, “namizədliyi öz təşəbbüsü və ya siyasi partiyalar tərəfindən verilməsindən asılı olmayaraq, irəli sürülmüş namizəd və ya qeydə alınmış namizəd namizəd olmağa razılıq barədə ərizəsini istənilən vaxt geri götürə bilər”. Bu norma isə seçki subyektinə necə və nə vaxt hərəkət etmək səlahiyyəti verir.

Diqqət çəkən məqamlardan biri də Seçki Məcəlləsinin 113-cü maddəsidir. Bu maddə “Qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi, namizədləri qeydə almaqdan imtina edilməsi” adlanır.
Bu maddənin 113.3. maddəsində yazılır: “Namizədin qeydiyyatı məhkəmə tərəfindən səsvermə gününə bir gün qalanadək yalnız bu Məcəllənin 113.2.3, 113.2.4, 113.2.7, 113.2.9, 113.2.11-ci maddələrində göstərilən hallar namizədin qeydə alınmasından sonra aşkar çıxarıldıqda ləğv edilə bilər”.

113.4-cü maddədə isə qeyd edilir: “Namizədin qeydiyyatı səsvermə gününə 10 gündən az qalmış müddətdə ləğv edildikdə bu haqda məlumat seçki komissiyalarının məlumat lövhəsində yerləşdirilir”.

Buradan da aydın olur ki, Seçki Məcəlləsində namizədliyin qeydə alınmasından imtina səsvermə gününə bir gün qalanadək ola bilərsə, onda qeydə alınmış namizədin öz namizədliyindən səsvermə gününə bir gün qalanadək imtina etməsi onun seçki hüququdur və bu hüquq heç bir halda məhdudlaşdırıla bilməz.

Seçki Məcəlləsinin “Bu Məcəllədə istifadə edilən əsas anlayışlar”a həsr olunan 1-ci maddəsinin 1.1.8-ci bəndində qeyd edilir: “Seçki hüququ – Azərbaycan Respublikası Milli Məclisinin deputatlarını, Azərbaycan Respublikasının prezidentini, bələdiyyələrə üzvləri seçmək və həmin orqanlara, Azərbaycan Respublikası Prezidenti vəzifəsinə seçilmək hüququ, o cümlədən namizədlərin irəli sürülməsində seçki qabağı (referendum qabağı) təşviqatda, seçki (referendum), komissiyalarının işində, seçkilərin (referendumun) keçirilməsinin müşahidəsində (seçkilərin (referendumun) nəticələrinin müəyyən edilməsi də daxil olmaqla) səsvermədə, digər seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək”. Bu maddədə seçki hüququna hər hansı məhdudiyyətlər nəzərdə tutulmayıb.

Bundan öncə 2000, 2005 və 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə qeyd alınmış namizədlərin namizədliyinin ləğv edilməsi və ya namizədlikdən imtina etməsi seçkilərə bir neçə gün qalmış baş verən hallar olub və Mərkəzi Seçki Komissiyası bu qərarlara uyğun olaraq bu namizədlərin adlarının seçki bülletenlərindən pozulması işinin təşkilini qanunauyğun şəkildə dairə və məntəqə seçki komissiyalarına həvalə edib.

Qeyd olunanları nəzərə alaraq, Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və qeydə alınmış namizədlərin dairə seçki komissiyalarına verdikləri və poçt vasitəsilə göndərdikləri ərizələrə uyğun olaraq onların namizədlikləri ləğv edilməli və adları seçki bülletenlərindən pozulmalıdır. Xatırladırıq ki, vətəndaşın seçki hüquqlarının pozulması Seçki Məcəlləsinin 115-ci maddəsinə əsasən məsuliyyət yaradır\”. (musavat.com )

İnterpress.az