Ermənistan nümayəndəliyinin təmas xəttində baş verən gərginliklərdə Azərbaycanı günahlandırmasına cavab olaraq verilən bəyanatda qeyd olunur ki, münaqişədən əvvəl işğal olunmuş Azərbaycan torpaqlarında erməni əsilli dinc sakinlər yaşamayıb: “Əgər onlar indi orada varsa, onda bu, 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının pozulması deməkdir. Əgər Ermənistan onları orada müdafiə olunmaq məqsədi ilə saxlayırsa, deməli bu öhdəlikləri pozur”.
Daimi Nümayəndəliyinin bəyanatında vurğulanır ki, Dağlıq Qarabağ müstəqil deyil və faktiki olaraq Ermənistan onu rəsmən tanımayıb: “Əslində bu münaqişə üzündən Ermənistanın müstəqilliyi də təhdid altındadır. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri 20 il əvvəl qəbul olunub. Nə zaman qəbul edilməsindən asılı olmayaraq, bu sənəd üç həmsədrin mandatını müəyyən edir. Onlar bu mandata əməl etməlidir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bütün elementlərinə baxmağa və müzakirə etməyə hazırdır. Lakin eyni hazırlığı və iradəni Ermənistan tərəfdən görmürük. Hörmətli vasitəçilərimiz Ermənistanı bu elementlərə baxmağa sövq etmirlər”.
Ermənistan nümayəndə heyətinin Azərbaycandan getmiş qaçqın və məcburi köçkünlərinin olması məsələsini qaldırmasına gəldikdə isə Azərbaycan Daimi Nümayəndəliyi bu kimi hallardan təəssüfləndiyini bəyan edib: “Sumqayıt və digər Azərbaycan şəhərlərində baş verən hadisələrdə xarici qüvvələrin qızışdırdığı təxribat halları da olub. Buna görə də əgər istəyirsinizsə, sizə bu hadisələri yenidən araşdırmağı təklif edirik. Biz də həmçinin münaqişəyə səbəb olan və azərbaycanlılara qarşı aktları həyata keçirən təxribatçıların məsuliyyətə cəlb edilməsini istəyirik. Əgər hökumətinizin bunu etməyə istəyi varsa, onda həmin vaxt baş verən hadisələrin araşdırılması işində bizə qoşulun”.