Cebhe.info bir neçə incəsənət nümayəndəsinə bu barədə sualla müraciət edib. Estrada müğənnisi Elnur Məmmədov deyib ki, hər bir müğənninin VÖEN-i olmalıdır: “İstənilən müğənni əgər qazanırsa, vergi ödəməlidir. Təkcə incəsənət adamları deyil, ümumiyyətlə dövlətin qazanan hər bir vətəndaşı mütləq şəkildə vergi ödəməlidir”.
Əməkdar artist, müğənni Ədalət Şükürov ötən gün bu məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə çağırıldığını deyib. O qeyd edib ki, nazirlik hər bir sənət adamı ilə ətraflı söhbət edir: “Mən də dəvət olundum və həmin söhbətdə iştirak etdim. Mənimlə birgə digər sənət adamları da ora dəvət olunub. Hesab edirəm ki, bu yeni qayda vergidən yayınan müğənnilərin barəsində cəza tədbirlərinin görülməsi xarakteri daşıyır. Mən 2005-ci ildən bəri vergilərimi vermişəm. Bu məsələdə mənimlə heç bir problem ola bilməz. Elə müğənnilər də var ki, onlar ümumiyyətlə vergi ödəmir. Mənə elə gəlir ki, onlarla məşğul olmaq lazımdır. Adam var ki, 10 illərlə vergi vermir. Gəlirimin 4%-ni ödəyirəm. Amma müəyyən şeylər nəzərə alınır. Bəzi aylar var ki, toy olmur, orucluq və Məhərrəmlik ayı və bəzi məsələlərə görə cəmi 6 ay ərzində vergi ödəyirəm”.
Müğənni Cavanşir Məmmədov uzun illərdir ki, gəlirinin bir hissəsindən vergi ödədiyini deyib: “Mən, Firuzə İbadova və mənim ansamblım hamımız vergi ödəyirik. Amma nə qədər, onu Vergilər Nazirliyindən maraqlanın”. Müğənni Manaf Ağayev də yeni qaydaları müsbət dəyərləndirib. Bildirib ki, özü də vergi ödəyir: “10 ildir vergi ödəyirəm. Elə olur ki, bir gündə 3-4 toya gedirəm. Bəzən gün ərzində 1 toy olur. Nə qədər ödəməyim isə qazanca baxır”. Bu günə qədər vergidən yayınmadığını deyən müğənni Nazənin qanunvericiliyin tələblərinə uyğun olaraq gəlirindən müəyyən miqdarda vergi ödədiyini bildirib: “Vergi barədə qanunda hər hansı dəyişiklik olacaqsa, biz də öhdəmizə düşən nədirsə ona əməl etməyə çalışacağıq. Fəaliyyətimiz göz qabağındadır. Qanunun tələblərinə uyğun hərəkət edirik”.
İnterpress.az