Hüquqşünas Aslan İsmayılov ölkəmizdə baş verən olaylardan dəhşətə gəldiyini bildirib. O, İnterpress.az-a verdiyi açıqlamada bu barədə danışıb: “Ölkəmizdə baş verən son hadisələr həqiqi mənada həyatımızı dəyişə bilər. Həqiqətən MTN-in əməkdaşlarının qanunsuzluqları hamı kimi mənə də bəlli idi. Ancaq törədilən cinayətlərin ağırlığını və miqyasını eşitdikcə adamı dəhşət bürüyür. Hər kəs törətdiyi cinayətə görə cəzasını almalıdır. Zərərçəkənlər qorxmamalı və pozulmuş haqlarının bərpasını tələb etməli, mətbuat, ictimaiyyət baş verənləri daim diqqətdə saxlamalı və müzakirə etməlidir. Sadəcə, MTN-i bəlalarımızın tək səbəbkarı kimi göstərsək baş verən qanunsuzluqlardan heç vaxt xilas ola bilməyəcəyik”. O, ölkədə baş verən bütün mənfi halların səbəbkarını göstərib: “Əvvəllər qeyd etdiyim fikri bir daha təkrarlamaq zorundayam. MTN-də baş verənlərdə elə onlar qədər günahkar olanlar, həmin qanunsuzluqlara hüquqi don geyindirən prokurorluq və məhkəmə işçiləridir. Bu günə qədər mətbuatda bir nəfər də prokurorluq və məhkəmə işçisinin adı çəkilməyib. Bu isə heç nəyin dəyişməyəcəyini göstərir. Artıq iş o yerə çatıb ki, bu ölkənin talanmasında aparıcı rollarda olanlar, ən çox çirkabda bulaşanlar ən məharətli tənqidçilərə, haqq ədalət carçılarına çevriliblər. Bütün ölkə MTN əməkdaşlarının sahibkarların başlarına torba keçirməsindən danışır. Axı sahibkarların başlarına torba keçirmək əməliyyatını ilk dəfə 2005-ci ildə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları sınaqdan keçirtdi. 2005-ci ilin dekabrında Zülfüqarlı qardaşlarının başlarına torba keçirib aparan həmin DİN əməkdaşları onları, yalnız zavodların 80% aldıqdan sonra, həbsdən azad etdilər. Bu barədə ANS TV-dəki çıxışlarım bu gün də arxivlərdədir. Zülfüqarlı qardaşları bu gün də həmin zavodların geri alınması üçün çarpışırlar. Cəmiyyət, yalnız “seçilmişlər”ə yox, hamıya qarşı ədalətli olanda saflaşacaq. Bunun üçün isə hamımız çalışmalıyıq”.
İnterpress.az