“Hamı məni əzizləyərək sakitləşdirməyə başladı”
“Axşamlar məni rejissordan tutmuş hamı qonaq dəvət edirdi. O qədər dəvət alırdım ki, bilmirdim birinci hansını qəbul edim”
Megi Kejeradze – bu ad və soyad oxucuya bəlkə də heç nə demir, lakin bu gürcü xanım Azərbaycan kinosunun incisi olan “Uşaqlığın son gecəsi” bədii filmində (1968) yaddaqalan, işvə-nazlı, gözəl “Elya” obrazı ilə kino tariximizə düşüb.
“Report”un Gürcüstan bürosu olaraq, Megi xanımı xeyli müddətdir axtarırdıq, amma tapa bilmirdik. Hətta Gürcüstanın Mədəniyyət Nazirliyi belə onun hazırkı həyatı haqqında hər hansı bir məlumat təqdim edə bilmədi. Bəzi şəxslər isə M.Kejeradzenin artıq həyatda olmadığı və 2019-cu ildə vəfat etdiyini iddia edirdilər.
Buna baxmayaraq axtarışlarımızı dayandırmadıq və cəhdlərimiz sonda müsbət nəticə verdi. Megi xanımı tapdıq, müsahibə üçün onunla əlaqə saxladıq. Onu müsahibəyə razı salmaq asan olmadı. Azərbaycan mediası üçün onunla görüşmək istədiyimizi bilən kimi “Bakıda çəkildiyim filmlə bağlı olacaq müsahibə, elə deyilmi?” şərti ilə razılaşdı.
Müsahibəyə yollanarkən “Uşaqlığın son gecəsi” filmində Murad rolunun ifaçısı, Xalq artisti, “Elya”nı uzun illərdir axtaran Ənvər Həsənovla əlaqə saxlayıb Megi xanımı tapdığımızı bildiririk. O, bu xəbərdən çox sevindiyini qeyd edərək, “Elya”ya salam və ən xoş arzularını çatdırmağımızı xahiş edir. Aktyorun sözlərinə görə, Megi Kejeradzeni çox axtarsa da, tapa bilməyib və buna görə də onun artıq həyatda olmadığını düşünüb. Ə.Həsənov film barədə danışanda hər zaman Megi xanımı da yad etdiyini vurğulayıb. Ənvər müəllimi məşğul olduğundan onu Megi xanımla müsahibə zamanı danışdırmaq istəyimiz baş tutmur.
“Elya”nın yaşadığı ünvanı tapmağımız da asan olmur. Onun dediyi ünvana çatırıq, amma yaşadığı bloku tapa bilmirik. Tərslikdən Megi xanım ardıcıl zənglərimizə cavab vermir. Bir saata yaxın vaxt keçir. Nəhayət özü telefon açır, zənglərimizə cavab vermədiyi və ünvanı düzgün izah etmədiyinə görə üzrxahlığını bildirir. Həyətə daxil oluruq, 2 nömrəli bloku axtarırıq. İki blokun girişində 2 nömrəsinin yazıldığı lövhəni görürük. Eyvanların birindən həyətə baxan bir kişi bizi görüb kimi axtardığımızla maraqlanır. “Megi Kejeradze bu binada yaşayır?” sualımıza “Gəlinciklər gülümsəyir” filmində çəkilən?” deyib bloku işarə edir. Liftin işlək vəziyyətdə olmasını desələr də, qapıları bizim üçün açılmır. VII mərtəbəyə ayaqla qalxmalı oluruq. Megi xanım bizi mənzilinin qapısında gözləyirdi. Mənzilə daxil oluruq, “Elya”nı tapdığımıza sevinirik. Ondan müsahibə üçün foto və video çəkiliş üçün icazə alırıq, o isə bunun üçün uyğun geyimdə və formada olmadığını əsas gətirərək razılaşmır. Megi xanımı dilə tutub çəkilişə razı sala bilirik.
Megi Kejeradzenin “Report”un Gürcüstan bürosuna müsahibəsini təqdim edirik.
– Megi xanım, 53 il bundan öncə “Uşaqlığın son gecəsi” filminə dəvət olunduğunuzu necə xatırlayırsınız?
– Həmin dövrdə mən “Gürcüstan filmi”nin istehsalı olan “Gəlinciklər gülümsəyir” (1963) filmində çəkilmişdim. Kinorejissor Arif Babayev məni o filmdə görüb bəyənmişdi. Daha sonra məni Bakıya çağırdılar. Elya rolu üçün çox gözəl və yaxşı xanım olan Tamillanı sınaqdan keçirmişdilər. (müsahibim Tamilla xanımın soyadını Əsədullayeva kimi xatırlayır. Lakin bu ad-soyadlı aktrisa barədə hər hansı bir məlumat yoxdur. Bəlkə də həmin aktrisa “Ulduz” filmində Ulduz və “Böyük dayaq” filmində Maya rollarının ifaçısı Tamilla Rüstəmovadır). Həmin rolda o çəkilməli idi. Mən bunu sonradan bildim. Tamilla rola artıq hazırlaşmışdı. Lakin elə alındı ki, onun yerinə məni təsdiqlədilər. Arif Babayev “Elya rolunda Megidən başqa heç kəsi istəmirəm” demişdi. Tamilla çox incimişdi, lakin buna baxmayaraq, biz çox dostlaşdıq və uzun illər rəfiqəlik etdik. Sonralar təəssüf ki, əlaqəmiz kəsildi.
– Çəkiliş meydançasında Sizə münasibət necə idi?
– Çəkilişlər haradasa yarım il davam etdi. Mən bununla bağlı Bakıya gedib gəlirdim. Hamı məni çox əzizləyirdi. Ətrafdakılardan yalnız xoş münasibət görürdüm. Özümü çox xoşbəxt hiss edirdim. Mənə dost və doğma insan kimi münasibət bəsləyirdilər. Çox razı idim. O qədər doğmalaşdıq, hətta Azərbaycan dilində bir neçə söz öyrəndim. İndi yalnız “necəsən” sözü yadımda qalıb.
Elə bu arada Megi xanıma Ənvər Həsənovun salamını və xoş arzularını çatdırırıq. Azərbaycanlı aktyorun tərəf müqabili – “Elya”nı axtardığını qeyd edirik. Megi xanım “doğrudan?” deyib təəccüblənir, kövrəlir, susaraq xatirələrə dalır… “Çox sağ olsun! Məndən də salam yetirin” deyib gülümsəyir.
– Peşəkar aktrisa olmamısınız, elə deyilmi?
– Bəli, mən aktrisa deyiləm. İngilis dili pedaqoquyam. “Uşaqlığın son gecəsi” filmindən öncə bir neçə ekran əsərində yer almışam. Ötən əsrin 60-c illərində gənc idim. Aktrisalığa uyğun deyiləm. Gənclik illərimdə yəqin xarici görkəmim filmlərə çəkilməyimə imkan verib. Arif Babayevin filmində çəkiləndə 24 yaşım var idi, çox utancaq idim.
– Arif Babayevi xatırladınız. Onu necə yadda saxlamısınız?
– O, çox koloritli, tələbkar və eyni zamanda çox şən insan idi. Yaxşı zövqü ilə seçilirdi. Mən deyərdim ki, o, özünü lazımı qədər qiymətləndirmirdi. Onun lentə aldığı bütün filmlər qeyri-adidir.
– Filmin çəkilişləri dövründən ən çox nə yadınızda qalıb?
– Hansısa epizodun çəkilişində Arif Babayev üstümə qışqırdı və mən ağlamağa başladım. Artıq çəkilmək istəmədiyimi və çəkilişlərə gəlməyəcəyimi bildirdim. Hamı məni əzizləyərək sakitləşdirməyə başladı. Dedilər ki, rejissor mənə görə hirslənməyib.
– Filmə ekrana çıxmasından sonra baxmısınızmı?
– Bəli, izlədim və çox bəyəndim. Filmdə çəkilənlərin hamısı mənə çox əziz və xeyirxah insanlar idilər. Bakı dövrü deyərdim ki, həyatımın ən yaxşı dövrlərindən biridir. Çünki hamı məni böyük sevinclə qarşılamışdı. Axşamlar məni hamı qonaq dəvət edirdi. O qədər dəvət alırdım ki, bilmirdim birinci hansını qəbul edim (gülür).
– Sonralar Azərbaycandan filmlərə dəvət aldınızmı?
– Bəli. Zənglər oldu. İki dəfə dəvət etmək istədilər, lakin baş tutmadı.
– Bakıda daha sonralar olmusunuzmu?
– Bəli. Bakıda olduğum vaxtda çoxlu dost və rəfiqə qazandım. Azərbaycanlıların hamısı məni çox sevirdi. Dostlarım çox idi, dəvətlər alırdım. Zaqulbada dəniz sahilində dincəlmişəm. Ora çox gözəl idi. Bakılı dostlarım da Tbilisidə tez-tez qonağım olurdular. Azərbaycanda həm dostlarım, həm də pərəstişkarlarım vardı. Çox xoş vaxt keçirirdim. Məni tanıyanlar çox idi.
Deyərdim ki, Bakı həyatımın sevincidir. Kədərli olanda, əhvalımın pis vaxtında Bakı dövrümü, oradakı dostlarımı yadıma salıram və yüngülləşirəm. Orada heç kəs mənim xətrimə dəyməyib. Həmin günlər həyatımın ən xoşbəxt və yaddaqalan dövrüdür. Elə gün olmur ki, o günləri yada salmayım. Sonuncu dəfə Azərbaycanda nə vaxt olduğumu xatırlamıram. Dəvət olsa, böyük məmnuniyyətlə Bakıya gedərəm. Bunu çox arzulayıram.
Bakıdan özümə boyunbağı və qolbaq almışdım. Təəssüflər olsun ki, onları sonra itirdim.
– İndi həyatınız necə keçir? Harada işləyirsiniz?
– Bakıda çəkiləndə həyat yoldaşımdan ayrılmışdım. İkinci dəfə ailə qurdum. Həyat yoldaşım artıq vəfat edib. Bir qızım var, o da kino sahəsində özünü sınayıb. İki nəvəm var. Əvvəllər Xarici Dillər İnstitutunda müəllimlik etmişəm, hazırda isə Texniki Universitetdə ingilis dilli müəllimi kimi çalışıram. Yəqin bu il ali məktəbdə son ilimdir, çünki pedaqoji fəaliyyət üçün artıq çox qocalmışam. Mənsub olduğum nəsil artıq gedir…
– Gürcüstan mətbuatında barənizdə çox az məlumata rast gəlinir. Sizin ictimaiyyətə qapalı olduğunuzu deyirlər.
– Bilirsiniz, bu, mənim çox məşğul olmağımla bağlıdır. Vaxt tapa bilmirəm. Nəvələrimə baxıram. Tələbələrim var və vaxtımın böyük hissəsini onlara ayırıram.
– Sonda azərbaycanlı kinosevərlərə və Azərbaycandakı pərəstişkarlarınıza nə demək istəyərdiniz?
– Sizinlə söhbət edərkən yenidən Bakıda keçirdiyim xoş günlərə qayıtdım, rəfiqələrimi və yaxın tanışlarımı yada saldım. Azərbaycanlılar mənə çox doğma və əzizdirlər. Onlar qeyri-adi yaxşı, mehriban insanlardır və bu, yalnız mənim fikrim deyil. Tələbələrim arasında Gürcüstanda yaşayan azərbaycanlılar da var. Onların bəziləri məni Azərbaycan filminə çəkilən aktrisa kimi tanıyır. Azərbaycanlılardan həmişə böyük minnətdarlıq və razılıq hissi ilə danışıram. Çox şadam ki, Azərbaycanda məni unutmayıblar. Azərbaycanlı jurnalistin məni tapıb müsahibə alması da bunu təsdiqləyir.
– Megi xanım, müsahibəyə görə təşəkkür edirik.
İnterpress.az