Gözümüzün önündə qardaşlarını siyasi manipulyasiyalarına görə düşmənə satanlar Atatürkün yüz il bundan öncə Leninə Azərbaycan haqqında yazdığı məktubunu gözümüzə soxmağa çalışmasınlar. Təkcə Doğu Türküstan və Kərkük məsələsində göstərdikləri \”canıyananlıq\”ları kifayət edər, hələ bir neçə il öncə Ermənistanla sərhədlərin açılma cəhdini demirik. O ki, qaldı ölkənin içindəki ən böyük xəyanətə – kürd açılımına…
Dövrün siyasi şərtlərindən irəli gələn, heç olmasa Türkiyəni o zaman türkün yeganə qalası kimi qoruyub saxlamağı hədəf alan uzağa hesablanmış bu siyasi diplomatik addım olmasaydı belə, Azərbaycan onsuzda işğal ilə üz-üzə idi. Və bunun qarşısını ala biləcək heç bir ehtimal yox idi. O dövrün dünya həqiqətlərini təhlil edərək bunu sübut edəcək onlarla fakt göstərmək mümkündür. Madam ki, Azərbaycanı xilas etmək mümkün olmayacaqdı,o zaman başqa bir alternativ yol nəyin bahasına olur olsun Türkiyənin ayaqda tutulması idi. Atatürkün böyüklüyü onda oldu ki, o müdrikcəsinə bu çətin durumdan düzgün çıxış yolunu tapa bildi. Bu gün mövcud olan 6 Türk Cümhuriyyətinin və bütövlükdə dünya türklüyünün istinad nöqtəsi kimi onların əsarətdə olduğu son zamanlara qədər türklük şüurunun yeganə ixrac olunduğu azad Türkiyəni qura bildi. Və bu dövlət dörd bir tərəfdən təklənməyinə, müxtəlif anti-türk qüvvələrin hiylə və planlarına rəğmən duruş gətirə bildi.
Bəs gəlin görək bunun əksi olsaydı, yeni doğulmuş gücsüz Türkiyə Sovetlər Birliyinə dirəniş göstərib Azərbaycanı müdafiəyə qalxsaydı Türkiyəni də itirmək kimi, daha hansı fəlakətli nəticələrlə qarşılaşa bilərdik…
Necə olur ki, bu günkü Türkiyə iqtidarının erməni Mahçupyanı Türkiyə yönətiminə gətirməsi siyasi diplomatik jest sayılır, amma Atatürkün dövrün çıxılmazlığı qarşısında məcbur qalıb yazdığı məktub xəyanət tutumunda qiymətləndirilir. Sizcə, sözdə \”erməni soyqırımı\”nın 100 illiyi ərəfəsində şişirdilib yenidən gündəmə gətirilən bu məsələ kimlərin məqsədlərinə xidmət edəcək? Və sizcə, bu, uzun illərdən sonra erməni yalanına qarşı mübarizədə güclərinin birləşdirilməsi gərəkliliyini dərk edib çıxış yolu olaraq dəyərləndirən dövlətlərimizin birgə çalışmalarına zərbə vurmaq məqsədilə təşkil edilmış ağıl terroru deyilmi? Deməli bu işin arxasında düşmənin kirli nəfəsinin hənirtiləri sezilir. O zaman içimizdə düşmən hənirtilərinə qulaq və ürək verən xainlər kimdir? Bu isə artıq özünü qarşıda mövzu ətrafında qızışacaq müzakirələr zamanı tam bəlli edəcəkdir.
Və ən çox üzücü olan isə bu məsələdə sanki, Türkiyə yönətimində də olanlardan kimlərinsə barmağının görünən kimi olmasıdır. Görünür xarici siyasət makinasına gətirilmiş yeni kadro əski və irsi yetənəyi ilə xəfif addımlarını atmaq üzrədir…
Bu gün Türkiyə adlı Türk dövlətinin ağası olan bəylər, o gün Atatürk o məktubu yazmasaydı, bu gün siz hansı dövlətin yetkilisi olaraq səlahiyyət və hökm sahibi olacaqdız. Bu mövzunun Türkiyədə gündəmə çıxarılmasına nədən imkan tanındı…
Hər halda idarəçilik dövrü çox çətin zamanlara təsadüf edən Atatürk özündən sonra gələn Türkiyə hökümətləri tərəfindən edilən xəyanətlərin mində birini etmədi. Çünki, Atatürk soyu ilə, qanı ilə tər təmiz türk idi. Onun Türk dünyası barədə strategiyasının və layihələrinin qarşısını əngəlləyənlər isə potensial xəyanət insintiktini daşıyanların idarəsinə tapşırdı illərlə Türkiyəni…
Bu kimi çabalarla dəyərlərimizə və maraqlarımıza hücum edənlər artıq tarixə \”bir millət iki dövlət\” tərifi ilə həkk olunmuş, ortaq tale paylaşan Azərbaycan və Türkiyəni üz-üzə qoya biləcəklərindən arxayın olmasınlar. Bu propanqandaların siyasi-ictimai dövriyyəyə buraxıldığı ilk gündən Azərbaycan türkü, \”Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir\” deyən Atatürkün ən sadiq savunçusuna çevrildi. Çünki, Azərbaycan türkü haqqı nahaqqa qurban verəcək qədər nankor və qədirbilməz deyil. Çünki, Azərbaycan türkü öz böyüklərinə saygı duymaq kimi tarixi fitri, milli özəlliyindən hələ ki, məhrum olmayıb…
Və bu dəyərləndirmədən sonra içimizdə bu işi təşkil edənlərin, bu məsələni qızışdıranların erməni ilə döl və ya digər yaxınlığı nəzərdən qaçırılmamalıdır. Və həmçinin, həm Türkiyədə, həm də Azərbaycanda mövzunu ortaya atanların bir çox tərəflərdən bir-birinə bağlılığı da diqqətdən qaçmasın gərək. Burda siyasi, etnik amili də unutmamalıyıq. Demək bu məsələnin arxasında bilavasitə erməni marağı dayanırsa,o zaman içimizdə məsələni aktivləşdirənlər bu qüvvələrlə hər hansı bir səbəbdən yaxınlığa malik olanlardır. Ya etnik bağlılıq,ya da siyasi məqsədlər naminə edilmiş satqınlıq…
Və belə anlaşılır ki, son günlər tarixi şəxsiyyətlərimiz üzərində süni şəkildə yaradılan əsassız polemikalar, Azərbaycanda türklüyün tarixinə kölgə salan açıqlamalar növbəti təxribat cəhdinə məntiqi girişmiş. Azərbaycan ictimaiyyyətində bu məsələyə həssas olan camiyə isə Neo-Osmançılıq cərəyanının azsaylı tərəfdarları və Fətullahçılardır. Atatürkün məktubunu Azərbaycana xəyanət faktı kimi qəbul edən hər iki təbəqə əslində bu təxribatın pərdəarxası müəllifi olan ermənilərin məkrli oyunlarına sosial baza təşkil etməklə,bağlı olduqları qeyri-türkçü mərkəzlərin sadiq qulları kimi vətənə və millətə ən böyük xəyanəti özləri etmiş olurlar. \”Xəyanət\” bildiklərini xəyanətlə sübut etmək vətənpərvərlikdənmi…
İnanırıq ki, dövlətimiz qarşıdan gələn ağır sınaq mərhələsində milli maraqlarımızın qorunmasını təşkil edəcək, Türkiyə ilə uzlaşmamızı önləmək məqsədi ilə ortaya atılmış bu növbəti təxribat cəhdinin qarşısını alacaq, iştirakçılarının isə layiqli cavabını və cəzasını verəcəkdir…
O ki, qaldı Azərbaycan insanının ictimai-siyasi rəyini zədələməyə, qoy oynamaq istəyənlər özlərinə başqa meydan arasınlar, başqa mövzu axtarsınlar. Bu xalq gəvəzələrin və satılmışların ağzına aldanacaq qədər cahil deyil. Bir də ki, son illərin gedişatı bizdə bu kimi ardıcıl, qərəzli təbliğatlara immunitet gücü yaratdı…
Bir sözlə görünən kəndə bələdçı gərəkməz!