“Bu, Böyük Qayıdışa doğru növbəti addımdır”backend

“Bu, Böyük Qayıdışa doğru növbəti addımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avqustun 29-da dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağın tacı Şuşamıza sayca beşinci səfəri təkcə xalqımızın deyil, həm də dünya ictimaiyyətinin diqqət mərkəzində oldu”.

“Yeni Sabah” xəbər verir ki, bunu “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

O, bildirib ki, ümumiyyətlə, Prezidentin  mədəniyyət paytaxtımıza hər səfəri verdiyi vədlərin reallığa çevrilməsinin təqdimatı kimi dəyərləndirilir:

“Müzəffər Ali Baş Komandan 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” vədinin  davamı olaraq növbəti çıxışlarında “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin bərpa ediləcəyini bildirmişdi.

Həmçinin dövlət başçısı Şuşanın əvvəlki simasının bərpa ediləcəyini, dünyanın ən gözəl şəhərləri sırasında olacağını əsas hədəf kimi müəyyənləşdirmişdi. Bu baxımdan artıq əminliklə demək olar ki, Prezident İlham Əliyevin  mədəniyyət paytaxtımıza hər səfəri mühüm hadisələrlə dolu Zəfər tariximizi yeni-yeni  çalarlarla zənginləşdirir.

Cənab İlham Əliyevin  Şuşa şəhərinə növbəti səfəri də bir daha  bu unikal diyarımızın zəngin mədəni və mənəvi ruhunun dünyaya çatdırılması istiqamətində mühüm addım oldu. Şuşanın dirçəldilməsi, bərpasi, yenidən Azərbaycanın mədəniyyət və incəsənət paytaxtına çevrilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində   bir sıra açılışlar edildi, ən əsası Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa olundu. Gözün aydın, Qarabağın tacı, Azərbaycanımızın döyünən ürəyi əziz Şuşamız!”

V.Rəhimzadə 30 ilin reallıqlarına qısa baxış fonunda böyük qürurla işğaldan azad edilən torpaqlarımızın, o cümlədən Şuşanın  cənnət məkana çevrilməsindən də bəhs edib:  “Artıq Şuşa şəhərinin də baş planı təqdim edildi. Bu, Böyük Qayıdışa doğru növbəti addımdır.

Şuşanın bərpasına dövlət başçısı İlham Əliyevin  mədəniyyət paytaxtımıza ilk səfəri zamanı,  yanvarın 14-də  start verilmişdi. 8 ayda  görülən işlərin, icra olunan layihələrin əhatə dairəsi genişdir. Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları bu layihələri uğurla baş çatdırmağa əsas verir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan qurtulmuş ərazilərimizə hər səfəri bərpa və quruculuq işləri ilə bağlı  hədəfləri özündə ehtiva edən  “yol xəritəsi”nin ölkə ictimaiyyətinə, həmçinin dünyaya təqdimatında mühüm rol oynayır.  Tarixlə müasirliyin vəhdəti  fonunda aparılan bərpa və quruculuq işləri tezliklə Şuşamızı  dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcək.”