Dərbənddə falçının köynəyinə cadu etdiyi iddia olunan şəxs iflic olub.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Dağıstanın Dərbənd şəhərində qeyri-adi və mistik iddialarla zəngin olan hadisə yerli sakinlərin narahatlığına səbəb olub.
Zərərçəkən şəxsin yaxın qohumlarının iddiasına görə, yerli falçı qadın onun geyindiyi köynəyi əldə edərək onun vasitəsilə üzərinə ağır sehr (cadu) edib.
Falçı qadın sehr ayini zamanı nəticənin düz 10 gündən sonra özünü büruzə verəcəyini bildirib.
Ailənin iddiasına əsasən, düz 10 gün keçdikdən sonra həmin şəxs qəfildən ağır insult keçirib. Hazırda artıq üçüncü dəfə insult keçirən dərbəndli sakinin bütün bədəni tamamilə iflic olub.
Ailə üzvləri bu ağır xəstəliyin birbaşa həmin falçının köynək üzərində apardığı gizli mistik rituallarla bağlı olduğunu iddia edirlər.
Məsələ ilə bağlı sosial şəbəkələrin Dağıstan seqmentində geniş müzakirələr başlayıb.
Tibb mütəxəssisləri isə insultun kəskin fiziki və nevroloji pozuntulardan yarandığını xatırladaraq, vətəndaşları bu növ ağır hallarda mistik inanclara deyil, dərhal peşəkar tibb müəssisələrinə müraciət etməyə çağırırlar.
Xuraman Etibarlı
İnterpress.аz






