Moskvada evli cütlük əvvəlcədən polisə xəbərdarlıq etdikdən sonra bir-birini bıçaqlayıblar.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Yeni Moskva ərazisində yerləşən yaşayış komplekslərindən birində qeyri-adi və qorxulu hadisə qeydə alınıb. Mənzildə olan ər-arvad bir-birlərinə kəskin bıçaq zərbələri endiriblər.
Hadisədən bir qədər əvvəl isə qadın təcili xidmətə (112) zəng edərək əri ilə birlikdə bir-birlərini öldürməyi planlaşdırdıqlarını bəyan edib.
Zəngdən dərhal sonra təcili xidmət və asayiş keşikçiləri qeyd olunan ünvana yollanıblar.
Mənzilə yaxınlaşan əməkdaşlar giriş qapısının açıq qaldığını fərq ediblər. Görünür, cütlük qapını həkimlərin içəri maneəsiz və tez daxil ola bilməsi üçün qəsdən kilidləməyib.
Otaqda ağır bıçaq xəsarətləri ilə köməksiz vəziyyətdə tapılan ər və arvada dərhal yerindəcə ilk tibbi yardım göstərilib və onlar xəstəxanaya yerləşdiriliblər.
Həkimlərin səyi nəticəsində hər iki şəxsin həyatını xilas etmək mümkün olub və onlar sağ qalıblar.
Faktla bağlı polis tərəfindən araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.аz






