Ukraynanın qabaqcıl və qocaman ali təhsil müəssisələrindən olan Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) tərəfindən Mingəçevir Dövlət Universitetinə (MDU) riyaziyyat, iqtisadiyyat, idarəetmə və digər sahələri əhatə edən kitablar hədiyyə edilib.
MDU-dan Editor.az -a bildiriblər ki, universitetlər arasında yaradılmış qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində dərslik və dərs vəsaitlərinin təqdim olunması MDU-da, ilk növbədə, İqtisadiyyat və idarəetmə, Pedaqoji fakültələrinin tədris-metodiki bazasının gücləndirilməsinə töhfə verilməsi məqsədi daşıyır.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da qabaqcıl xarici ali təhsil müəssisələri, o cümlədən KNEU ilə əməkdaşlığa xüsusi önəm verilir. Cari ilin mart ayından etibarən iki universitet arasında yaradılan işbirliyi çərçivəsində qarşılıqlı silsilə mühazirələr keçirilib, MDU-nun akademik və inzibati heyət üzvləri KNEU-da onlayn formatda təşkil edilən konfranslarda və seminarlarda fəal iştirak ediblər. 2021-ci ilin 28 oktyabr tarixində KNEU-nun 115 illik yubileyi mərasimində hər iki ali təhsil müəssisəsinin rektorları tərəfindən əməkdaşlıq memorandumunun imzalanması ilə universitetlər arasında işbirliyinin inkişafında yeni dövrün başlanğıcı qoyulub.