Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə bu ölkənin azərbaycandilli məktəbləri arasında keçirilən 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Bölgədə sülh və ədalət naminə!” adlı inşa və rəsm müsabiqəsinin Bolnisi rayonundan olan qalibləri müəyyənləşib.
müsabiqə “Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı”nın təşkilatçılığı ilə reallaşıb.
Noyabrın 3-də Bolnisidəki 1 saylı ictimai məktəbdə qaliblərin mükafatlandırılması mərasimi olub.
Məktəbin direktoru Ziyadxan Sərdarov tədbiri açdıqdan sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Z.Sərdarov ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb, Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərdiyini bildirib. O, 44 günlük Vətən müharibəsində Gürcüstandakı soydaşlarımızın Azərbaycana daim dəstək olduqlarını vurğulayıb, təkcə Bolnisi rayonundan 22 nəfərin İkinci Qarabağ döyüşlərində iştirak etdiyini bildirib.
Səfir Faiq Quliyev çıxışında Azərbaycanın 44 günlük Vətən müharibəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb. Bu tarixin Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən də təntənə ilə qeyd edilməsi, məktəblilərin rəsm və inşa yazılarında bu tarixi yaşatmaları çox mühüm əhəmiyyət kəsb edir.
Diplomat qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı bütün dünyada olduğu kimi, Gürcüstandakı soydaşlarımız da böyük dəstək nümayiş etdiriblər. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə Gürcüstandan olan 22 soydaşımız şəhid olub, qazilərimiz var. Dövlətimiz onlara hərtərəfli diqqət və qayğı göstərir. Onların əziz xatirəsi əbədiləşdiriləcək. Səfirlik daha böyük müsabiqə və tədbirlər təşkil edəcək.
Sonra AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov və başqaları çıxış edərək bu müsabiqənin məktəblilərin vətənpərvərlik ruhunda böyümələrində xüsusi rol oynayacağını bildiriblər.
Qeyd olunub ki, 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Bölgədə sülh və ədalət naminə!” adlı inşa və rəsm müsabiqəsində Kvemo-Kartli bölgəsinin Qardabani, Marneuli, Bolnisi və Dmanisi rayonlarında fəaliyyət göstərən azərbaycandilli ictimai məktəblərin 150-dək şagirdi iştirak edib.
Yarışa ümumilikdə 200-dək müxtəlif rəsm əsəri və inşa yazısı təqdim olunub. Hər iki nominasiya üzrə I, II və III yerləri tutan şagirdlərə qiymətli hədiyyələr, diplom, müsabiqənin bütün iştirakçılarına isə sertifikatlar təqdim olunub.