İşğaldan azad olunmuş rayonların birində “Disney Land” yaradılsın“ – Təklifbackend

İşğaldan azad olunmuş rayonların birində “Disney Land” yaradılsın“ – Təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad edilmiş torpaqların bərpası və məskunlaşdırılma ilə bağlı qlobal konsepsiyaya ehtiyac var”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli söyləyib. O, işğaldan azad olunmuş torpaqların bərpası və köçürülməsi ilə bağlı yeni konseptual yanaşmaya ehtiyac olduğunu da qeyd edib:

“Azad edilmiş bölgələrdə yalnız aqrar sektorun inkişafı ilə bağlı konsepsiyalar müzakirə olunur. Lakin həmin ərazilərə köçən insanların bir çoxu 30 ilə yaxındır ki, kənd təsərrüfatından tamamilə uzaqdır. Hətta məcburi köçkün həyatı yaşayan insanların çoxu uşaq yaşlarında köçkün düşüblər və şəhər həyatına alışıblar. Kənd təsərrüfatı ilə bağlı bilgiləri yoxdur, davranış qaydalarını bilmirlər.

Yaşlı nəsil isə dünyasını dəyişib. Təəssüflər olsun ki, torpaqların azad edilməsini görmədilər. Doğrudur sağ qalanlar var, lakin o qədər yaşlaşıblar ki, onların aqrar sektorda hansısa formada fəaliyyət göstərməsi fiziki olaraq mümkün deyil.

Ümumiyyətlə işğaldan azad olunmuş torpaqların bərpası və köçürülməsi ilə bağlı yeni konseptual yanaşmaya ehtiyac var. Tək aqrar sahənin ortaya çıxması doğru deyil. Həmin bölgələrdə xidmət sahələrinin yayılması ilə bağlı yeni konsepsiyalar, eko turizmlə bağlı geniş konsepsiyalar ola bilər.

Eyni zamanda daha kreativ və yeni yanaşmalara yönəlmək lazımdır. Məsələn işğaldan azad edilmiş rayonların birində əyləncə parkı, yəni “Disney Land” kimi bir parkın yaradılması da mümkün ola bilər. Bu parkın yaradılması minlərlə iş yeri və ciddi aktivlik deməkdir.

Şərqi Avropanın və ya Cənubi Qafqazın “Disney Land”ini yaratmaq həm turizm axını həm də iqtisadi canlanmaya səbəb olan faktora çevrilə bilər”.