“Baydenin Kiyevə səfəri hərbi yardım paketində yeni ixracı stimullaşdıracaq”.
Bu sözləri ABŞ Prezidenti Co Baydenin Ukraynadakı müharibənin birinci ildönümü ərəfəsində Kiyevə səfər edərək həmkarı Volodimir Zelenski ilə görüşməsini şərh edən syasi şərhçi Aqşin Kərimov İnterpress.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Bayden bu səfərlə ölkəsinin Ukraynanın yanında daimi olacağını vəd edir.
Ancaq simvolik hissələri çıxsaq, yerdə qalan reallıqda məsələ bir qədər qəlizdir, çünki ABŞ-in Ukraynaya hərbi yardımının bir limiti olacağı fikirləri də az deyil:
“Ukraynadakı müharibənin uzanması fonunda ABŞ Konqresi Prezidentlik təsisatını sorğulaya və Kiyevə hərbi yardım kampaniyasını kəsməyə çağırış edə bilər. Bayden administrasiyası bunun baş verməməsi üçün Ukraynadakı qələbə nəzəriyyəsini praktiki şəkildə elə göstərməlidir ki, nə ölkəsi ziyanlar girdabına düşsün, nə də vəziyyət nüvə müharibəsi həddinə çatsın. Bayden müharibədə NATO-nun həmrəyliyinə nail olmalıdır, hərçənd ki, bu məsələdə ABŞ-dən çox Böyük Britaniya böyük həvəslə çalışır. Ancaq NATO-nun təbiəti yalnız Alyans ölkələrindən birinə hücum olacağı təqdirdə vahid müdafiə tədbirlərini aktual edir. Yəni, Ukrayna NATO üzvü olmadığından Rusiyanın hücumlarının miqyası Qərbi yoranda, o, tək qala bilər. Hələ bu hədd yetişməyib, lakin Ukraynadakı döyüş meydanı Rusiyanın xeyrinədir.
Rusiya Ukraynanın əhəmiyyətli ərazilərini işğala məruz qoyub və cəbhə xəttini öz şərtləri ilə dondurmağa cəhd edir. Bu, nə Qərb, nə də Ukrayna üçün məqbuldur. Ona görə də Ukrayna lideri Zelenskinin qətiyyəti ABŞ və onun müttəfiqlərini müharibənin nəticələrinə təsir etmək üçün variantlar axtarışına çıxarır. Ukraynanı silahlandırmaq, onu kəşfiyyat məlumatları ilə təmin etmək və genişhəcmli maliyyə yardımları ayırmaq Qərb üçün ən məqbul variant kimi görünür.
Baydenin Kiyevə səfəri hərbi yardım paketində yeni ixracı stimullaşdıracaq, ABŞ liderinin Ukraynaya 500 milyon dollar dəyərində silah tədarükü ediləcəyini deməsi belə söyləməyə imkan verir”.