Dünyada hər iki dəqiqədən bir qadın doğuş zamanı və ya hamiləlik zamanı ölür, bu rəqəmlər 2015-ci ildən dəyişməyib, bəzi regionlarda isə daha da pisləşib.
Bu statistika Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında yer alıb.
“Ana ölümü meylləri” hesabatı son illərdə qadınların səhhətində narahatlıq doğuran tendensiyaları ortaya qoyur, çünki ana ölümü dünyanın demək olar, hər bir regionunda ya artıb, ya da durğunlaşıb”, – sənəddə vurğulanır.
2000-ci ildən 2020-ci ilə qədər milli, regional və qlobal səviyyədə ana ölümünü izləyən hesabat 2020-ci ildə dünyada təxminən 287 min, 2016-cı ildə isə təxminən 309 min ana ölümü olduğunu göstərir.
Təşkilat qeyd edib ki, 2016-cı ildən 2020-ci ilə qədər BMT-nin səkkiz regionundan ikisində – Avropa və Şimali Amerikada (17%), Latın Amerikası və Karib hövzəsində (15%) ana ölüm nisbəti artıb.
BMT-nin məlumatına görə, 2020-ci ildə bütün ana ölümlərinin təxminən 70%-i Afrikanın Saxara səhrasından cənuba doğru ölkələrində baş verib.
Ölümün əsas səbəbləri kimi güclü qanaxma, yüksək qan təzyiqi, hamiləliklə bağlı infeksiyalar, təhlükəli abortdan yaranan fəsadlar və hamiləlik zamanı ağırlaşa bilən əlavə xəstəliklər (HİV/QİÇS və malyariya) göstərilib.
ÜST dünya ictimaiyyətini ana ölümünü azaltmaq üçün qlobal hədəflərə doğru irəliləyişi sürətləndirməyə çağırır, çünki 2030-cu ilə qədər bir milyondan çox qadının öləcəyi proqnozlaşdırılır.