“Rusiya qoşunları Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə, qeyd-şərtsiz və dərhal çıxmalıdır”.
Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild BMT-nin Nyu-Yorkdakı Baş qərargahında jurnalistlərə açıqlamasında deyib.
“Bugünkü səsvermə həqiqətən tarixi bir hadisə oldu. Biz Rusiyanın Ukraynaya qeyri-qanuni, əsassız və genişmiqyaslı hərbi təcavüzündən bir il sonra dünya ölkələri ilə Ukraynanın yanında olduğumuzu göstərdik. 141 ölkə BMT-nin prinsiplərinin müdafiəsinə, suverenlik, ərazi bütövlüyü, özünümüdafiə hüququna, Ukraynada hərtərəfli ədalətli və davamlı sülhün lehinə səs verdi.
141 ölkə Rusiyaya açıq tələbini təkrarladı və bəyan etdi ki, Rusiya qoşunlarını geri çəkməli, Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə və qeyd-şərtsiz və dərhal çıxmalıdır”-deyə, o bildirib.
Diplomat qeyd edib ki, bölgədə sülh bərqərar olana qədər ABŞ-ın Ukraynaya açıq dəstəyi davam edəcək:
“Mən Ukraynada olarkən xalqın və prezident Volodimir Zelenskinin üzündə müharibənin əzabını, ukraynalı uşaqların simasında isə ağrı və kədəri gördüm. Biz diplomatiyanın potensialından, dialoqun gücündən və sülhün aktuallığından imtina edə bilmərik. Rusiyanın dəhşətli müharibəsi ikinci ilinə qədəm qoyur. Sabah ABŞ dövlət katibi Entoni Blinken BMT-yə gələcək və biz Amerikanın Ukraynaya dəstəyini davam etdirməklə yanaşı və BMT nizamnamələrinin öhdəliklərini tələb edəcəyik. Prezident Cozef Bayden Ukraynada olarkən söylədiyi kimi: bu bizim ən fundamental vəzifəmizdir. Biz Ukraynanın yanındayıq”.
Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzünün ildönümündə 193 üzvdən ibarət BMT Baş Assambleyası Rusiya qoşunlarının Ukraynadan qeyd-şərtsiz çıxarılmasını tələb edən təklifi səsverməyə çıxarıb və qətnamə 141 ölkə tərəfindən dəstək alıb, Moskvanı yalnız 7 üzv ölkə dəstəkləyib, 32 ölkə isə bitərəf olub.