Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə ordumuz Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürüb. Bildirilib ki, Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.
Bu, gözlənilən və zəruri tədbir idi. Çünki rəsmi Bakının xəbərdarlıqlarına baxmayaraq, ermənilərin Laçın yolundakı qanunsuz fəaliyyətləri davam edir. Ərazilərdəki təbii sərvətlər talanmaqla yanaşı, həm də Ermənistandan qondarma respublikaya silah daşınırdı.
Ermənilərin Xəlfəli- Turşsu yolundan qondarma rejimə qanunsuz hərbi daşımalarına ərazidəki rus sülhməramlıları da şərait yaradırdı. Biz bu barədə mövqeyimizi bir neçə dəfə ifadə etmiş, qanunsuz əməlin dayandırılmasını tələb etmişdik. Amma faydası olmadı.
Əlbəttə, qanunsuz hərbi daşınmalar Azərbaycanın milli maraqlarına zidd, təhlükəsizliyinə təhdiddir. Bu cür provokativ addımlar eyni zamanda həm ermənilərin, həm rusların Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın şərtlərinə əməl etmədiyini göstərir. Beləliklə, yekun nəticə budur: ermənilər riyakar və qeyri-səmimidir.
Üstəlik, son vaxtlar Qarabağdakı terrorçular və Ermənistan Silahlı Qüvvələri hərbi təxribatlar törədir, mövqelərimizi atəşə tuturdular. Bununla paralel olaraq Ermənistan rəsmilərinin, o cümlədən baş nazir Nikol Paşinyanın sərsəm iddiaları da davam edirdi. Şübhəsiz, bütün bunlara qon qoyulmalı idi.
Laçın yolundakı yolundakı hakim yüksəkliklərin və sərhədboyu geniş sahələrin nəzarətə götürülməsinin bir neçə əhəmiyyəti var. Birincisi, bundan sonra ermənilər qanunsuz əməllərini davam etdirə bilməyəcəklər. Biz bunun qarşısını aldıq. Nəticədə həm də ehtimal edilən təhdidlərin qarşısını aldıq.
İkincisi, gələcəkdə ərazidə nəzarət-buraxılış məntəqəsinin təşkili üçün şərait yaradıldı. Yəqin ki, növbəti addım Laçın yolunda nəzarət postlarının qurulması olacaq. Bundan sonra aksiyalar başa çatacaq.
Üçüncüsü, bu, həm də mesajdır. Biz ermənilərlə yanaşı, ruslara da göstərdik ki, təxribatlar Azərbaycanın öz maraqlarını təmin etməsinə mane ola bilməz. Əgər provokasiyalar davam edərsə, biz hərbi güc yolunu seçə bilərik. Hər kəs bunu bilməli və sabotaj cəhdlərindən imtina etməlidir.
Kənan Novruzov
İnterpress.az