Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib ki, Rusiya “Vaqner” muzdlu hərbi təşkilatını başqa təşkilatla əvəz etmək niyyətindədir.
Qeyd olunub ki, bu, Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu qrupu arasında çəkişmələrlə bağlıdır: “Rusiya hərbi rəhbərliyi, yəqin ki, ona daha çox nəzarət edə biləcək muzdlu hərbi təşkilat axtarır. Amma “Vaqner”in imkanlarına malik başqa bir qruplaşma hələ ki, yoxdur”.
Rusiya Müdafiə Nazirliyi “Vaqner” muzdlu hərbi təşkilatı arasında ziddiyətin olmasına dair əvvəllər də məlumat yayılmışdı. Bir çox ekspertin fikrincə, Rusiya Silahlı Qüvvələrinin cəbhədə ciddi irəliləyiş əldə edə bilməməsin əsas səbəblərindən biri də budur. İkinci bir tərəfdən, ola bilsin, Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi “Vaqner”i qəbul etmək istəmir.
“Vaqner” bu günlərdə uzun müddətdir döyüşlərin davam etdiyi Donetsk vilayətinin Baxmut şəhərinin ələ keçirildiyini bildirmişdi. Rusiya Müdafiə Nazirliyi hələ ki, bu məlumatı təsdiq etməyib. Bunun iki səbəbi ola bilər: birincisi və daha ağlabatanı döyüşlərin hələ də davam etdiyi, yəni Ukraynanın müqavimət göstərməsidir. İkincisi isə, ola bilsin, Rusiya Müdafiə Nazirliyi “Vaqner”in uğurunu qəbul etmək istəmir.
Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner”çilər arasında ziddiyətin gələcəkdə də davam edəcəyi və daha da artacağı gözləniləndir. Bunun qarşısını almaq üçün “Vaqner” başqa muzdlu hərbi təşkilatlarla əvəz olunması ideyasının gündəmdə olması mümkündür. Amma bunun yaxın vaxtda baş tutacağını düşünmürəm. Kreml “Vaqner”dən asanlıqla imtina edə bilməz. Nəzərə almaq lazımdır ki, “Vaqner” üçün prioritet maliyyədir. Ukraynadakı müharibə “Vaqner” rəhbərliyi üçün unikal şərait yaradıb. Odur ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin də asanlıqla Ukraynadan çıxmaz.
Bu mənada dediyimiz kimi, yəqin ki, hərbi elitadakı gərginlik gələcəkdə daha da artacaq. İstisna deyil ki, hərbçilər artıq bir-biriləri ilə mübarizə aparmağa başlayacaqlar.
Kənan Novruzov
İnterpress.az