İran Səudiyyə Ərəbistanında səfirlik və konsulluq açmaq üçün həftənin sonuna qədər iki ayrı nümayəndə heyətinin ölkəyə gedəcəyini bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Xarici İşlər Nazirliyinin Fars körfəzinin baş direktoru Əli Rza Enayeti İranın səfirlik və konsulluğunun açılması ilə bağlı verdiyi açıqlamada Səudiyyə Ərəbistanı ilə ilkin məsləhətləşmələrin aparıldığını bildirib.
Enayeti İran nümayəndə heyətinin Xarici İşlər Nazirliyindəki işində son mərhələyə çatdığını qeyd edib: “Bütün inzibati işlər tamamlandı. Həftənin sonuna qədər nümayəndə heyətinin Səudiyyə Ərəbistanına yola düşməsi gözlənilir”.
Enayeti qeyd edib ki, Ər-Riyaddakı səfirlik və Ciddədəki konsulluğun yenidən açılması üçün hazırlıqları görmək və lazımi tədbirləri görmək üçün iki ayrı İran nümayəndə heyəti təyin edilib.
İki tərəf arasında imzalanan hava nəqliyyatı müqaviləsinin aktivləşməsi üçün texniki heyətlərin bir-biri ilə görüşməsi lazım olduğunu qeyd edən Enayeti deyib: “Bunu əsas götürərək, İran və Səudiyyə Ərəbistanı arasında gediş-gəliş uçuşlarının yenidən başlamasına qərar verildi”.