Cənubi Amerikanın Boliviya ölkəsində hökumətə etiraz edən müəllimlərlə polis arasında əlbəyaxa dava olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bir müddətdir hökumətə etiraz edən, maaşlarının yaxşılaşdırılmasını və təhsil büdcəsinin artırılmasını tələb edən müəllimlər təhlükəsizlik qüvvələri ilə toqquşub.
Paytaxt La Pazda bir araya gələn Boliviya Şəhər Təhsil İşçiləri Konfederasiyasına (CTEUB) bağlı müəllimlər hökumət binalarının yerləşdiyi Plaza Murillo meydanına gediblər.
Polisin maneəsinə baxmayaraq şəhərin simvolu olan meydanına girməyi bacaran nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.
Bayraqlarla müqavimət göstərən etirazçılara polis gözyaşardıcı qazla cavab verib. Müəllimlər meydandan çıxarılıb.
Həmkarlar ittifaqları hazırkı təhsil büdcəsinin 30 faiz artırılmasını və iş vaxtının azaldılmasını tələb edirlər.
CTEUB ilə hökumət arasında 63 gündür davam edən danışıqlarda hələ də razılıq əldə olunmadığından müəllimlər hökumətin təhsil siyasətinə etiraz edirlər.
Təhsilin pulsuz və icbari olduğu Boliviyada bir müddətdir yaşanan iqtisadi daralma səbəbiylə təhsil büdcəsinin məhdudlaşdırıldığı rəqəmlərə əks olunub.