Afrikanın cənub-şərq sahillərinə təsir edən “Freddi” qasırğası nəticəsində Malavidə ölənlərin sayı 1000 nəfərə çatıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Malavi prezidenti Lazarus Çakvera mətbuata açıqlamasında qasırğanın yaratdığı dağıntılar və ölənlərin sayı barədə məlumat verib.
Qasırğa səbəbiylə ölənlərin sayının 1000-ə yüksəldiyini bildirən Çakvera, yarım milyondan çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.
“Evlər, körpülər, məktəblər və iş yerləri dağıdılıb, yollar, elektrik xətləri və əkin sahələrinə iqlim dəyişikliyinin səbəb olduğu dağıntılar nəticəsində ziyan dəyib”, – Çakvera bildirib.
Ölkədə tütün bazarı mövsümünün gəldiyinə işarə edən Çakvera, qasırğa səbəbiylə iqtisadi fəaliyyətin də kəsildiyini bildirib.
Mozambik və Madaqaskar da qasırğadan mənfi təsirlənib. Mozambikdə 70-ə yaxın adam ölüb.
Ümumdünya Meteorologiya Təşkilatı fevral ayında başlayan və bir aydan çox davam edən Freddy qasırğasının tarixin ən uzun sürən qasırğası ola biləcəyini açıqlayıb.