Gürcüstanda yaşayan etnik azlıqların 12,9%-i işsizdir.
İnterpress.az xəbər verir ki, bu, Sosial Ədalət Mərkəzinin araşdırmasıda öz əksini tapıb.
Qeyd olunub ki, şəhər yaşayış məntəqələrində yaşayan azlıqların 37,4%-i iqtisadi cəhətdən qeyri-aktivdir, kənd yaşayış məntəqələrində isə bu göstərici 40,6%-dir. İşçi qüvvəsindən kənarda olan etnik azlıqların nisbəti yüksəkdir və 18-34 yaşlı etnik azlıq gəncləri arasında 36,2% təşkil edir.
Etnik azlıqlara münasibətdə kənd təsərrüfatı məhsullarının satışından əldə olunan gəlir respondentlərin 21,7%-i üçün mühüm gəlir mənbəyidir.
“Etnik azlıqların iş tapa bilməməsinin əsas səbəbi gürcü dilini bilməməsidir. Etnik azlıqların 63%-i gürcü hərflərini zəif və ya çox zəif tanıyır. Gürcüstanda yaşayan etnik azlıqların 60%-i gürcü dilində danışan şəxslə zəif və ya çox zəif ünsiyyət qura bilir, 84%-i isə gürcü ədəbiyyatını oxuya və mətnin məzmununu çox zəif başa düşə bilir”, – deyə araşdırmada qeyd olunub.
Araşdırmalara görə, etnik azlıqlar “Gürcüstanda istehsal et” (89,6%), “Aqrosığorta proqramı” (90%), “Güzəştli aqrokredit” (80,8%) kimi proqramlardan heç vaxt yararlanmayıb. Əsas səbəb məlumat çatışmazlığıdır. Bundan əlavə, respondentlərin 90%-i heç vaxt seçki kampaniyasının planlaşdırılmasında, siyasi partiyaların təşviqatında, seçici siyahılarının dəqiqləşdirilməsində iştirak etməyib. Etnik azlıqların böyük bir hissəsi heç vaxt özünüidarə orqanlarına müraciət etməyib, üstəlik, onların hökumətin işi barədə məlumatı yoxdur.
Sosial və iqtisadi bərabərsizlik ucbatından çoxlu sayda etnik azlıq mühacirət etməyi düşünür. Araşdırmada qeyd edilib ki, 40,5%-i yoxsulluq, 25,9%-i iş yerinin olmaması səbəbindən ölkəni tərk etmək arzusunda olduğunu bildirib.
Miqrasiyanın təhrikedici amilləri kimi yoxsulluq və iş yeri problemi bütün etnik qruplarda kəskindir, lakin Azərbaycan icmasında daha kəskindir.
Sosial Ədalət Mərkəzinin araşdırması 2022-ci ildə aparılıb. Tədqiqat kəmiyyət xarakterli olub, Cavaxeti, Kvemo Kartli, Kaxeti Azərbaycan kəndləri və Pankisi vadisinin vətəndaşları ilə müsahibə aparılıb.